- Qəbələ şəhər yerinin Qala ərazisində saray tipli ictimai binanın qalıqları aşkar edilib.
Qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olan Qəbələ şəhər yerində 1926-cı ildən başlayaraq artıq 100 ildir ki, müəyyən fasilələrlə arxeoloji tədqiqatlar aparılmaqdadır. Bu ilki çöl-tədqiqat mövsümündə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri professor Qafar Cəbiyevin rəhbərliyi ilə şəhərin Qala adlanan ərazisində tədqiqatlar davam etdirilmişdir. Keçən əsrin 60-cı illərində görkəmli qəbələşünas alim Saleh Qazıyevin rəhbərliyi ilə tədqiqinə başlanan və hansısa səbəblər üzündən yarımçıq qalan III qazıntı sahəsində bir ay ərzində aparılan tədqiqatlar zamanı iri ölçülü kəsmə mədən daşlarından istifadə olunmaqla inşa edilmiş saray tipli ictimai binanın qalıqları aşkar çıxarılıb.

Uzunluğu 18 m, hündürlüyü 1,8 m olan tikili öyrənilməkdə olan sahədən şərqə doğru da davam etməkdədir. Bu isə həmin tikintinin daha əzəmətli bir bina olduğundan xəbər verir. Xatırladaq ki, şəhərin Səlbir və Qala adı ilə tanınan 30 hektarlıq ərazisində ilk dəfədir ki, bu cür əsaslı və möhtəşəm tikinti qalıqları aşkar olunub.

Tədqiqat nəticəsində 220 kvadrat metrlik sahədə 4 əsas tikinti qatı və döşəmə qalıqları qeydə alınıb. Tikinti qatları xronoloji baxımdan ilk orta əsrlər dövründən XVIII əsrədək olan tarixi mərhələni əhatə edir. VIII əsrdən sonrakı dövrə aid tikililərin bünövrəsi çay daşından, üst hissəsi isə müxtəlif ölçülü bişmiş kərpiclə inşa olunubdur.

Axtarışlar davam etdirilərkən Qəbələnin mövcudluğunun son 1000 illik dövrünü əhatə edən çoxsaylı, həm də rəngarəng çeşidli məişət qalıqları da üzə çıxarılıb. Həmin nümunələr içərisində tipi, bədii-texniki və texnoloji fərqlilikləri ilə seçilən zəngin keramika məmulatını xüsusi olaraq qeyd etmək olar. Bunlar əsasən inşaat keramikası, şirli və şirsiz məişət qablarından ibarətdir. Hansı ki, bu nümunələr Qəbələnin qədim sakinlərinin məişət və mədəniyyətini, yerli sənətkarların zövqünü, maraq dünyası və peşəkarlıq səviyyəsini müəyyən etmək baxımından da çox əhəmiyyətlidir. Yeni tapıntılar Qəbələnin Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolunu, onun dünyanın digər sənət və mədəniyyət mərkəzləri ilə əlaqələrini daha dərindən öyrənmək baxımından da əhəmiyyətlidir.

Son olaraq onu da qeyd edək ki, hazırda öyrənilməkdə olan sahədə tədqiqatlar hələlik başlanğıc mərhələsindədir. Heç şübhəsiz ki, yeni aşkar olunan saray tipli ictimai binanın dövrü, plan quruluşu, digər konstruktiv özəllikləri və təyinatı ilə bağlı son söz demək üçün gələcəkdə də orada tədqiqatları davam etdirmək vacibdir. Hesab edirik ki, tədqiqatların bu istiqamətdə davamı 2500 illik tarixi olan qədim paytaxt şəhərimiz olan Qəbələnin tarixinin bir çox qaranlıq səhifələrinə işıq salacaqdır.

