Ölkəmizdə subtropik meyvəçiliyin əsas mərkəzlərindən biri hesab olunan Lənkəran rayonunda aqrar təsərrüfatların fəaliyyət coğrafiyası və miqyası ilbəil genişlənir. Regionda yetişdirilən zəngin meyvə çeşidlərinin sənaye üsulu ilə emal edilərək yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsullara çevrilməsi və xarici bazarlara ixracı bu sahənin davamlı inkişafına, eləcə də yerli istehsal potensialının güclənməsinə mühüm töhfə verir.
Cənubpress xəbər verir ki, Lənkəranda qadın sahibkarın yaratdığı “Citrus Valley” təsərrüfatı da son illər subtropik meyvə istehsalı, məhsulların emalı və ixracı sahəsində əldə etdiyi uğurlarla diqqət çəkir. Müasir bağçılıq prinsipləri əsasında formalaşan təsərrüfatda yetişdirilən meyvələrdən hazırlanan məhsullar bu gün həm ölkə daxilində, həm də xarici bazarlarda alıcıların rəğbətini qazanır.
Uzun illər müəllim kimi fəaliyyət göstərən bağ sahibi Rəftarə Şükürova sonradan kənd təsərrüfatı sahəsinə üz tutaraq Lənkəran şəhərinin İstisu qəsəbəsində yaratdığı təsərrüfatı qısa müddətdə regionun nümunəvi aqrar müəssisələrindən birinə çevirib.
Hazırda 15 hektar ərazini əhatə edən təsərrüfatın 6 hektarında feyxoa, 3,5 hektarında kivi, 4 hektara yaxın sahəsində isə limon, narıngi, portağal və kinkan bağları salınıb. Müasir aqrotexniki üsulların tətbiqi sayəsində əldə olunan məhsullar yüksək keyfiyyəti ilə seçilir, daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.
Təsərrüfatın nəzdində yaradılan emal müəssisəsində yüksək keyfiyyətli kompot, mürəbbə, təbii meyvə sirkəsi, turşu və digər məhsullar istehsal olunur. Bağlardan toplanan təbii meyvə və tərəvəzlər bu müəssisədə sənaye üsulu ilə emal edilərək əlavə dəyərli hazır məhsula çevrilir, daha sonra isə daxili bazarın satış şəbəkələrinə göndərilir.
Rəftarə Şükürova bildirib ki, istehsal olunan məhsullara maraq ildən-ilə artır. Onun sözlərinə görə, müəssisənin ilk iri sifarişlərindən biri Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” layihəsi çərçivəsində qəbul edilib. “Layihə çərçivəsində kompot və ağ gilas mürəbbəsi sifariş olunmuşdu. Bu, bizim üçün ilk böyük sifarişlərdən idi. Məhsulların hamısını vaxtında hazırlayaraq sifarişçiyə təhvil verdik. Hazırda isə ölkənin iri market şəbəkələrindən birindən yeni sifariş almışıq və onların icrası istiqamətində işlər davam etdirilir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, müəssisədə istehsal olunan məhsulların əsas hissəsi ixrac edilir. Xüsusilə feyxoadan hazırlanan məhsullar və təbii meyvə şirələri Rusiya bazarında böyük maraqla qarşılanır.
Həmsöhbətimiz hazırda müəssisədə kompot istehsalı ilə yanaşı, mövsümi tərəvəzlərin emalının da həyata keçirildiyini qeyd edib. O, bağlardan toplanan xiyarların turşuya qoyulduğunu, eyni zamanda, müxtəlif sifarişlər əsasında yeni növ kompotların hazırlandığını bildirib.
Rəftarə Şükürova əsas məqsədin istehsal gücünü artırmaqdan, məhsul çeşidini genişləndirməkdən və “Citrus Valley” brendinin bazarlardakı mövqeyini daha da gücləndirməkdən ibarət olduğunu vurğulayıb.
Müxbir- İlkin Adıyev
