Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı hədəfləyən yuxarı sinif şagirdləri və onların valideynləri ilə akademiyanın nümayəndəsinin iştirakı ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsində görüş təşkil olunub.
Cənub Press xəbər verir ki, tədbir zamanı çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov daxili işlər orqanlarının ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasında, habelə hüquq normalarının qorunmasında göstərdiyi xidmət barədə şagirdlərə geniş məlumat verib. Polis peşəsinə maraq göstərən gənclərə məsuliyyətli davranmağın, sağlam həyat tərzi sürməyin və təhsilə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. Çıxışlarda Polis Akademiyasına qəbul qaydaları və şərtləri, akademiyada yaradılmış tədris, elmi və sosial mühit, kitabxana, laboratoriya və praktiki təlim bazası, kursantların sosial təminatı və imtiyazları, daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi inkişaf mərhələləri haqqında məktəblilərə geniş məlumatlar verilib.
Sonra polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və onları maraqlandıran suallar cavablandırılıb.



İlkin Adıyev
