
Ukrayna Silahlı Qüvvələri Dobropol istiqamətində gedən döyüşlərdə uğur qazanıb və düşmənin bəzi qoşun hissələrini mühasirəyə alıb.
Cənub Press xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (UAF) Baş komandanı Aleksandr Sırski özünün “Facebook” səhifəsində yazıb.
O qeyd edib: “Daha bir günümü cəbhənin əsas istiqamətlərində, o cümlədən Dobropol yaxınlığında döyüşən qoşun hissələrinə həsr etdim. Xüsusilə, əks-hücum əməliyyatında iştirak edən birlik və bölmələrin komandirləri ilə müşavirə keçirdim. Qoşunlarımızın dəqiq, planlı və cəsarətli hərəkətləri sayəsində düşmənin bəzi qoşun hissələri mühasirəyə alınıb”.
Sırskinin sözlərinə görə, Rusiyanın bu istiqamətdə ümumi itkiləri 3185 nəfər təşkil edir, onlardan 1769-u tamamilə zərərsizləşdirilib. Düşmən 969 ədəd silah və hərbi texnika da itirib. Əks-hücum əməliyyatı başlayandan bəri azad edilmiş ərazinin sahəsi təqribən 175 kvadrat kilometrə çatıb, daha 195 kvadrat kilometrlik sahə isə diversiya qruplarından təmizlənib.
“Yerlərdəki komandirlərin məruzələrini nəzərə alaraq, düşmənin xüsusilə uzaq məsafələrdə məhv edilməsi üçün atəş gücünün effektivliyinin artırılması, müəyyən ərazilərdə düşmən təxribat qruplarının zərərsizləşdirilməsi, bölmələrarası əməkdaşlığın keyfiyyətinin yüksəldilməsi üçün tapşırıqları müəyyənləşdirdim və lazımi göstərişlər verdim”, – deyən Baş komandan qeyd edib ki, o, həmçinin pisləşən hava şəraitini nəzərə almaqla döyüşlərdə iştirak edən hərbi hissələrin və bölmələrin təchizatı üzrə zəruri qərarlar qəbul edib.
Nərmin Əliyeva, Cənub Press