
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbiri zamanı canını Vətən uğrunda fəda edən igidlərimizdən biri də şəhid Yusif Məmmədrza oğlu Xəlilovdur. Yusif Xəlilov Vətən torpaqlarının azadlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda böyük fədakarlıq nümayiş etdirib.
Cənub Press xəbər verir ki, Yusif Xəlilov 18 il orduda şərəflə xidmət edib. O, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu, tank komandiri olub. Vətənini göz bəbəyi kimi qoruyub, lazım gəldikdə isə onun yolunda canından keçməyi özünə ən böyük şərəf sayıb.
Yusif 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib və ağır yaralanıb. Sağaldıqdan sonra yenidən hərbi xidmətə qayıdaraq tank komandiri kimi ordunun ön sıralarında Vətənin keşiyini qorumağa davam edib.
Şəhidimizin həyat yoldaşı Gülnar Xəlilova son görüşlərini gözyaşları ilə xatırlayır. Deyir ki, Yusifin şəhid olacağı heç ağlına gəlməzdi: “Ailə quranda Yusif hərbçi idi. Sentyabrın 19-da şəhid oldu. On beş gün ondan heç bir xəbər ala bilmədik. Yolunu ümidlə gözlədik, yaralı olduğunu düşündük. Lakin oktyabrın 5-də şəhid olduğunu söylədilər. Deyirdim, bəlkə yaralı gələr… Sanki şəhadətə ucalacağını öncədən hiss etmişdi. Sonuncu dəfə sentyabrın 18-də evə gəldi, bizimlə görüşüb getdi. Sentyabrın 19-da, saat 11-ə qalırdı, zəng edib dedi ki, “narahat olma, hər şey yaxşıdır…”. Uşaqları mənə tapşırıb vidalaşdı. Telefon danışığımızdan 2-3 saat sonra şəhid olub”.
Gülnar Xəlilova bildirir ki, Yusif hər zaman qayğıkeş ata, mehriban həyat yoldaşı olub: “O, həm ailəsinə bağlı idi, həm də Vətəninə. Evdə uşaqlara Vətən sevgisini aşılayırdı. Yusif ömrünü torpaq uğrunda fəda etdi, ona görə də adı, xatirəsi əbədi yaşayacaq”.
Şəhidimizin qızları Dəniz və Mələk atasını göz yaşları içində, amma böyük qürurla xatırlayırlar. Onların sözləri bir uşağın ata həsrətini, eyni zamanda, qürur duyğusunu əks etdirir. Deyirlər ki, ataları onlarla oynayır, gəzintiyə çıxarır, dərslərinə hazırlaşmağa kömək edərdi. Hər səhər məktəbə gedəndə onları yola salır, evə gələrkən gülərüzlə qarşılayardı. “Bizə həmişə deyirdi ki, yaxşı oxuyun, bilikli olun, Vətənə layiqli övlad kimi böyüyün. Atamız həm ata idi, həm də ən yaxın dostumuz. İndi onun səsi, gülüşü üçün çox darıxırıq. Amma bilirik ki, o, Vətən uğrunda canını qurban verib. Bizim üçün ən böyük qürur odur ki, qəhrəman bir atanın övladlarıyıq”, – deyə Dəniz vurğulayır.
Yusif Xəlilov döyüş meydanında misilsiz igidlik göstərib. O, son damla qanına qədər vuruşaraq Vətən torpaqlarının bütövlüyü naminə şəhadətə ucalıb. O, həmin əməliyyat zamanı şəhid olan və kimliyi sonradan müəyyən edilən 6 hərbçidən biridir.
Qeyd edək ki, Yusif Xəlilov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.