
Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas, alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində konsert olub.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə musiqisevərlər, ziyalılar, şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri iştirak ediblər.
Cənub Press xəbər verir ki, konsertin əvvəlində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.Dahi bəstəkarın zəngin irsindən, Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən söz açılıb. Qeyd edilib ki, dahi bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətləri nəzərə alınaraq, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1995-ci ildən etibarən bəstəkarın anadan olduğu gün – 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Bu, dahi bəstəkarın irsinə, yaradıcılığına, şəxsiyyətinə olan hörmət və ehtiramın bariz nümunəsidir.
Bildirilib ki, Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Dahi bəstəkarın 140 illiyi respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da silsilə tədbirlərlə qeyd olunur.
Konsertdə Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim, şagirdlərdən ibarət ansamblının və xorun, həmçinin mərkəzin solistlərinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Leyli və Məcnun” operasından “Leylini qoyma məktəbə getsin”, ” O olmasın bu olsun” operettasından kiçik səhnə, “Cəngi”, “Arazbarı”, “Arşın mal alan” operettasından “Nalədəndir ney kimi”, “Gülçöhrənin ariyası”, “Vəli və Teli” romansı və digər əsərlər səsləndirilib.
Nərmin Əliyeva, Cənub Press