Mayın 20-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Ombudsmanın Cənub Regional Mərkəzi və Lənkəran Tibb Kolleci ilə birgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və müstəqil Azərbaycanın şəhərsalma modeli: davamlı inkişafdan Zəfərə” adlı elmi seminar keçirilib.
Cənub Press xəbər verir ki, tədbiri giriş sözü ilə açan Lənkəran REM-in direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev qonaqları təqdim etdikdən sonra iştirakçıları Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə tanış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda siyasi sabitlik təmin olunmaqla yanaşı, müasir dövlət quruculuğu və şəhərsalma siyasətinin möhkəm təməli formalaşdırılıb. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin sosial-iqtisadi inkişafının sürətləndirildiyini deyən Mərkəz rəsmisi şəhər və rayonlarda yeni infrastruktur layihələrinin icra olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin hazırda uğurla davam etdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, Şuşa şəhərinin yenidən dirçəldilməsi və Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişaf etdirilməsi milli irsə və mədəni dəyərlərə verilən yüksək diqqətin bariz nümunəsidir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələrin Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayan Cəmil Quliyev sonda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarını Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunun göstəricisi kimi qeyd edib.
Sonra Türkdilli ölkələrin beynəlxalq akademiyasının professoru, Roma şəhərinin fəxri alimi, tanınmış memar Cahid Həsənov çıxışında “Şəhərsalma və Memarlıq İli”nın mühüm əhəmiyətindən, bu ənənənin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından, hazırda Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə intibah dövrünün yaşanmasından bəhs edib. Son illərdə paytaxt Bakıda Alov Qüllələri binası, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Məscidi, Kristal Hol Sarayı, Xalçaçılıq Muzeyi və digər tikililərin unikal memarlıq abidələri olduğunu söyləyən professor MTK-ların inşa etdiyi binaların ərazisində xiyaban, park və bağçaların salınmasının əhalinin asudə vaxtlarını və istirahətini mənalı keçirmələrinə hesablandığını, şəhərin estetik tərtibatına xüsusi gözəllik verdiyini diqqətə çatdırıb.
Cahid Həsənov daha sonra onun layihəsi əsasında Sumqayıt şəhərində inşa edilən Şəhidlər Xatirə Kompleksinin açılışında dövlət başçısının iştirakından, Qarabağda aparılan genişmiqyaslı tikinti-quruculuq və yenidənqurma işlərindən ətraflı bəhs edib, burada yeni şəhərsalma infrastrukturunun yaradılmasından danışıb. “Yaxın zamanlarda Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində məhz mənim yeni, unikal layihəm əsasında Zəfər parkının salınacağı işlərinə start veriləcək”, – deyə memar həmyerlimiz çıxışını yekunlaşdırıb.
Havzava kənd tam orta məktəbinin müəllimi, tarixçi-tədqiqatçı İldırım Şükürzadə çıxışında qeyd edib ki, tikinti-quruculuq işləri paytaxt Bakı ilə yanaşı, ölkəmizin digər şəhərlərində də həyata keçirilir. Təkcə son bir neçə ildə Lənkəran şəhərində çoxlu sayda 7 və 9 mərtəbəli binalar inşa edilib. O, həmçinin bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən təkcə Lənkəranda qeydə alınan 88 tarix və mədəniyyət abidəsinin 54-ü memarlıq abidəsidir.
Natiq 2026-cı ildə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsində məqsəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılmasına, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsinə xidmət etdiyini vurğulayıb.
İldırım Şükürzadə sonda müəllifi və həmmüəllifi olduğu “Lənkəranın tarix və mədəniyyət abidələri”, “Bu qala, bizim qala”, “Masallı ziyarətgahları”, “Lənkəran ziyarətgahları” və “Lənkəran məscidləri” kitablarını Ümummilli Liderin 100 illiyi adına kitabxanaya hədiyyə edib.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışına insan hüquqları aspektindən yanaşaraq, ilk növbədə, mayın 18-dən iyunun 18-dək ölkəmizdə “İnsan hüquqları aylığı”nın keçirildiyinə diqqəti cəlb edib. O, insan faktoruna verilən qiymətdən, abidələrimizin və maddi-mədəni irsimizin qorunması istiqamətində atılan mühüm addımlardan, park və xiyabanların yaradılmasının, küçə və səkilərin yenilənməsinin, yolların abadlaşdırılmasının məhz insan faktoruna xidmət etməsindən danışıb.
Mərkəz rəsmisi həmçinin tarixi, müasir memarlıq üslubunda tikilən abidələrimizdən, binaların fasadlarına bəzək elementlərinin həkk edilməsinin respublikamıza gələn turistlərin marağına səbəb olmasından söz açıb.
Lənkəran REM-in əməkdaşlarından Sevinc Hüseynova, Sərraf Talıbov, İltifat Əhmədov və Kamil Cabbarovu maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Elmi seminarın işində fəal iştirak etdiklərinə görə məruzəçilər Cahid Həsənov, İldırım Şükürzadə və Ziya İsmayılov Lənkəran REM-in Fəxri Fərmanı ilə təltif olunublar.
Tədbiri yekunlaşdıran Cəmil Quliyev qonaqlara, Lənkəran Tibb Kollecinin tələbələrinə və bütün iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
