Bir il bundan əvvəlki məlumata görə təkcə Bakı şəhərində 500 yüz mindən çox sənədsiz ev var. Bu evlərin də demək olar ki, əksəriyyətində insanlar yaşayır. O insanlar ki, bu evləri boğazlarından kəsərək, borc-xərcə girərək alıblar, yaxud da min bir zəhmətə qatlaşaraq özləri inşa ediblər. Heç kəs deyə bilməz ki, bu evlər bir gecənin içərisində müəmmalı şəkildə göydən düşüb. Yəni torpağını əldə edərkən, orada bina tikilərkən bunu hər kəs bilib və görüb. İcra strukturları da, bələdiyyələr də, polis və digər qurumlar da həmçinin. Hələ onu demirəm ki, həmin qurumların razılığı olmadan heç kəs daş üstə daş da qoya bilməzdi. Amma nədənsə neçə illərdir ki, bu qəbildən olan evlərin sənədləşdirilməsi müşkülə salınıb.
Vətəndaş tikdiyi evə, borc-xərclə, ağır faizli kreditlərlə aldığı mənzilə çıxarış əldə edə bilmir. Ölkə prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı vermiş olduğu tapşırıqlar aidiyyəti dövlət qurumları tərəfindən ötür-ötürə salınaraq icra edilmir. Sanki bu məsələnin nə Bakı şəhər İcra Hakimiyyətinə, nə rayon icra hakimiyyətlərinə, nə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə heç aidiyyəti yoxmuş. Ay əzizlərim, Bakının mərkəzində 15-20 mərtəbəli evləri məgər sizdən xəbərsiz tikiblər?! Torpaq ayrılması və tikintiyə başlamaqla bağlı razılıq məktubunuz və sərəncamınız olmayıb?! Həmin mənzillər15-20 ildir istismardadır. Deməli, bu binalar aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara yararlı bilinib və bu da müvafiq sənədlərdə əks olunub. O binalar ki, işığı, qazı, suyu, interneti, lifti var və sakinləri də bu yaşam şəraitindən tam olaraq məmnundur. Vətəndaşların nigarancılığı tək evlərin onların mülkiyyəti olduğunu təsdiqləyən çıxarışlarının olmamasıdır.
Qəribə burasıdır ki, binaları tikən sahibkarlar da bu işin ardınca getmirlər. Axı niyə də canlarına əziyyət versinlər?! Onlar özlərinə lazım olanı ediblər. Tikiblər, od bahasına satıblar, mayalarını 3-4 qat artıqlaması ilə çıxarıblar, indi də özlərinə sərf edən tərzdə kommunal xidmətlər, olmayan parklama yerləri üçün rüsum toplayaraq, qeyri-yaşayış sahələrini icarəyə verərək xımır-xımır qazanırlar. Belə olan halda satmış olduqları mənzillər üçün çıxarış dalınca getmək axı onların nəyinə lazımdır?!
Görünür, dövlətin və vətəndaşın mənafelərinə zidd olan bu cür qeyri-müəyyən vəziyyətin illərlə davam etməsi kimlərəsə sərf edir. Belə olmasaydı, aidiyyatı dövlət qurumlarının yetkililəri də, bina tikən sahibkarlar da döymədikləri qapı qalmazdı. Bir halda ki, problemin həlli üçün məsul olan səlahiyyət sahibləri ağızlarına su alıb susurlar, deməli bu məsələdə onların da öz mənfəəti var.
Bəli, başa düşüləndir ki, sənədsiz evlərin xeyli qismi dəmir yolu və ya yüksək gərginlikli elektrik xətləri, yaxud da neft buruqları olan ərazilərdə icazə olmadan tikilib. Bunları qoyduq bir kənara. Bəs şəhərin mərkəzində tikilən, torpağına, tikintisinə dövlət orqanları tərəfindən icazəsi olan evlərin dərdi nədir!? Bunları bir-birindən ayırıb mərhələli şəkildə həll etmək olmazmı?! Aidiyyəti orqanların biganəliyi, astagəlliyi, lap elə səhlənkarlığı ucbatından görün dövlət nələri itirir? Birincisi, on minlərlə sakini əhatə edən sosial gərginlik. Axı, sadə bir məsələyə görə o insanlar niyə əndişə və qeyri-müəyyənlik içərisində saxlanılır?! Onların hüququ hüquq deyil?! Aidiyyəti qurumların xoşu gəlir ki, həmin insanlar aylarla, illərlə kimlərinsə qapısında durub növbələr və ya cavab gözləsinlər?!
İkincisi, mülkiyyət hüququ təsdiqlənməyən ev sahiblərindən nə üzlə əmlak vergisi istəmək olar?! Görün, təkcə Bakı şəhərində hər il nə qədər vəsait vergidən yayınmış olur?! Bələdiyyələr həmin vəsait hesabına məhəllələri, küçələri, imkansız insanların mənzilləri təmir etsəydi pis olardı?!
Üçüncüsü, vətəndaş öz evini kirayə verə bilmir, girov qoyaraq kredit götürə bilmir. Hansı ki, həmin kredit hesabına hər kəs öz həyat şəraitini daha da yaxşılaşdırar, biznesini qura və inkişaf etdirə bilər və s.
Dördüncüsü, vətəndaş əlində mülkiyyət hüququnu təsdiqləyən sənədi olmadığından mənzilini su basanda, yanğın olanda, bu və ya digər qəza halları baş verdikdə sığorta almaq imkanlarından da məhrumdur.
Nəhayət, çoxmərtəbəli binaların demək olar ki, hamısının birinci mərtəbələri iri xidmət obyektləri kimi istifadə olunur. Onlardan gələn icarə pulları, rüsum və vergilər hara gedir? Bu qəbildən olan itkilərin miqdarı mənim sadaladıqlarımdan qat-qat daha çoxdur. Bütün hallarda isə itirən dövlət və vətəndaşdır.
Görün, Azərbaycanın dövlət büdcəsi təkcə bunlara görə hər il nə qədər itirir?! Əslində isə dövlətin xəzinəsinə və bələdiyyələrin büdcəsinə daxil olmalı olan o vəsaitlərin hamısı artıqlaması ilə mafiozların cibinə getmiş olur. Vəziyyəti bu hala gətitib çıxaran aidiyyəti dövlət qurumlarının isə heç sanki vecinə deyil, necə deyərlər, Araz aşığından, Kür topuğundan.
Mənim sözüm çox hörmətli millət vəkillərimizədir. Cənablar, məgər uzun illərdir ki, həm də seçiciləriniz olan o insanların mülkiyyət hüquqlarının reallaşdırılması yolunda olan xırda bürokratik əngəllərdən xəbəriniz yoxdur? Niyə bu məsələnin hüquqi müstəvidə tənzimlənməsi naminə təklif və ya təşəbbüsləriniz eşidilmir?! Niyə o varını-yoxunu verən, ağır şərtlərlə iri məbləğ kreditlər altına girərək od bahasına aldıqları mənzilləri üçün çıxarış ala bilməyən insanlara yardımçı olmursunuz?!
Mənim bu həyəcan dolu suallarımdan sonra yəqin ki, kimlərsə ortaya çıxıb uzun-uzadı şərh və izahlar verməyə cəhd edəcəklər. Amma inanın ki, bu cür şərh və izahların hamısını bir yerə toplasanız belə mənzilinə çıxarış alacaq vətəndaşın ödəyəcəyi rüsum və vergilərin müqabilində bir qara qəpik qədər dəyəri olmayacaqdır.
Qəribə burasıdır ki, vətəndaşların sənədsiz mənzillərilə bağlı müraciətlərinə Nazirlər Kabineti, Bakı şəhər İcra hakimiyyəti, rayon icra hakimiyyətləri, hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən cavablardan belə anlaşılır ki, sanki bu işləri də cənab Prezident etməlidir.
Hörmətli məmurlar, insafınız olsun! Cənab Prezidentin son dərəcə gərgin iş qrafikindən bəyəm xəbəriniz yoxdur?! Hər xırda problemin həllini belə Prezidentdən ummaq nə dərəcədə vicdanlı və ədalətli yanaşmadır?! Axı, bu qəbildən olan problemlərlə bağlı cənab Prezidentin mövqeyi hər birinizə və hər birimizə gün kimi aydındır. Elə isə problem nədədir?! Haradasa hüquqi boşluqlar var?! Onu da başa düşmək olar. Birincisi, hüquqi boşluq olduğu hallarda məsələ vətəndaşın xeyrinə həll olunmalıdır. İkincisi, əgər hüquqi boşluqlar vardırsa, onları kimlər və ya hansı dövlət qurumları aradan qaldırmalıdır?! Nəhayət, siz bu problemlərlə bağlı nə vaxt ölkə rəhbərliyinə və şəxsən cənab Prezidentə məlumat verdiniz, rəy və təkliflərinizi bildirdiniz ki, onların da nəticəsi olmadı?!
Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist
