Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalib layihəsi olan “Yaşıl gələcək” qrant layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində həyata keçirilən 5 aylıq proqram müddətində şagirdlər üçün “Bərpa olunan enerji mənbələri” mövzusunda nəzəri və praktik təlimlər təşkil olunub. Təlimlər zamanı iştirakçılar paralel və ardıcıl birləşmələr, müqavimət və gərginlik, günəş və külək enerjisi istiqamətlərində müxtəlif təcrübələr apararaq biliklərini praktik şəkildə tətbiq ediblər.
Şagirdlər elektrik dövrələrinin qurulması, enerji mənbələrinin işləmə prinsiplərinin öyrənilməsi, müşahidə aparılması və nəticələrin təhlili sahəsində mühüm praktik bacarıqlar qazanıblar. Təcrübələr vasitəsilə onlarda tədqiqatçılıq, analitik düşünmə və problem həll etmə bacarıqları formalaşıb. Layihə eyni zamanda iştirakçılarda ekoloji düşüncənin inkişafına, bərpa olunan enerji mənbələrinə marağın artmasına və onların gələcəyin enerji mühəndisləri kimi yetişməsinə töhfə verib.
Qeyd edək ki, “Yaşıl gələcək” qrant layihəsi Şirvan şəhər ümumtəhsil müəssisələrindən seçilmiş 30 şagird üçün Şirvan STEAM Mərkəzində həyata keçirilib. Layihənin əsas məqsədi şagirdlərdə bərpa olunan enerji mənbələri barədə bilik və bacarıqların formalaşdırılması, enerjidən səmərəli və davamlı istifadə vərdişlərinin aşılanması, eləcə də gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək mühəndis və ixtisaslı kadrların yetişdirilməsinə dəstək olmaqdır.

