Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində süni intellektin tədris prosesinə tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bu məqsədlə ötən ilin sentyabr ayında xüsusi işçi qrupu formalaşdırılıb.
Cənub Press xəbər verir ki, mərkəzdə təşkil olunan təlimlərdən sonra müəllim heyəti süni intellekt alətlərindən istifadə edərək müxtəlif peşə ixtisasları üzrə elektron formatda 1500 dərs hazırlayıb və həmin materialları təhsil müəssisəsinin rəsmi internet səhifəsində yerləşdirib. Hazırlanan resurslar tədris prosesinin daha səmərəli və müasir üsullarla təşkilinə imkan yaradır.
Hazırda işçi qrup tərəfindən süni intellekt texnologiyalarının tətbiqi ilə istehsalat təlimlərinə dair elektron dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. Layihənin əsas məqsədi rəqəmsal imkanlardan istifadə etməklə peşə təhsilində keyfiyyətin yüksəldilməsidir.
İlkin Adıyev
