Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Vətəni müdafiəyə hazıram – Taktiki bacarıqlar və liderlik düşərgəsi” layihəsi Biləsuvar rayonunda planlı və uğurlu şəkildə icra olunur.
Cənub Press xəbər verir ki, layihənin əsas məqsədi məktəblilərdə yalnız fiziki hazırlığı deyil, eyni zamanda mənəvi dəyərləri, vətən sevgisini, məsuliyyət hissini və liderlik keyfiyyətlərini formalaşdırmaqdır. Proqram çərçivəsində şagirdlərin fiziki hazırlığı və dözümlülüyü artırılır, taktiki və strateji düşünmə bacarıqları inkişaf etdirilir, dəqiq atıcılıq və hədəf vurma məşqləri keçirilir, hərbi-simulyasiya oyunları vasitəsilə real situasiyalara uyğun davranış modelləri öyrədilir.
Layihə iştirakçıları üçün vətənpərvərlik dərsləri və tarixi turlar, ilk tibbi yardım və fövqəladə hallara hazırlıq təlimləri, xəritə və naviqasiya bacarıqlarının təkmilləşdirilməsi, komanda işi və liderlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirilir. Bununla yanaşı, komandalararası yarışlar, simulyasiya olunmuş xilasetmə və strateji oyunlar, istiqamət təyin etmə tapşırıqları, təhlükəsiz şəraitdə idman atıcılığı, intellektual yarışlar, estafet idman növləri, badminton oyunları, veteranlarla görüşlər, tarixi muzey və abidələrə ekskursiyalar təşkil olunur.
Qeyd edək ki, layihə Birinci Qarabağ müharibəsi qazisi, hərbi hazırlıq müəllimi Rasim Mirzəyev tərəfindən Biləsuvar rayon Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihə 7–9-cu sinif şagirdlərinin fiziki, emosional və intellektual inkişafını gücləndirməklə onları çevik, gümrah, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşdırmağı, eyni zamanda liderlik, komanda işi, strateji düşünmə və taktiki bacarıqlarla təchiz edərək gələcəyin məsuliyyətli vətəndaşları kimi yetişdirməyi hədəfləyir.



