Hörmətli Cəlilabad rayonunun sakinləri!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, firavanlıq və uğurlar arzulayıram.
Təşəbbüskarı Ulu Öndər Heydər Əliyev olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçilik ideallarına sadiqliyinin rəmzidir. Bu əlamətdar gün dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı vahid amal ətrafında birləşdirir, Azərbaycan xalqının gücünü, birlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığını bir daha nümayiş etdirir.
Bu gün müstəqil Azərbaycan Respublikası möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edir, beynəlxalq aləmdə öz sözünü deyən güclü dövlətə çevrilmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, sosial-iqtisadi inkişaf proqramları regionların, o cümlədən Cəlilabad rayonunun hərtərəfli inkişafına mühüm töhfələr verməkdədir.
Geridə qoyduğumuz il ölkəmiz və rayonumuz üçün mühüm hadisələrlə yadda qalmışdır. Cəlilabad rayonunda əhalinin sosial rifahının yüksəldilməsi, infrastrukturun yaxşılaşdırılması, abadlıq və quruculuq işlərinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bütün bu uğurların arxasında dövlətimizin apardığı məqsədyönlü siyasət, rayon sakinlərinin zəhməti və fəallığı dayanır.
Yeni il hər birimiz üçün yeni ümidlər, yeni hədəflər və gələcəyə inam deməkdir. Əminəm ki, qarşıdan gələn ildə də möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük nailiyyətlərə imza atacaq, Cəlilabad rayonunda da inkişaf və tərəqqi davam edəcəkdir. Rayon sakinləri olaraq biz də bu uğurlara öz zəhmətimiz və fəallığımızla töhfə verməyə çalışacağıq.
Bu əlamətdar günlər münasibətilə bütün Cəlilabad sakinlərini, ağsaqqal və ağbirçəklərimizi, şəhid ailələrini və qazilərimizi, ziyalılarımızı, gənclərimizi, xüsusi ehtiramla təbrik edir, hər evə sevinc, ruzi-bərəkət, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.
Qoy Yeni il ölkəmizə sülh, inkişaf və firavanlıq, hər bir ailəyə isə xoş günlər gətirsin!
Bayramınız mübarək!
Hörmətlə,
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov
