Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi Seyranə Dosduzadənin rəhbəri olduğu “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi çərçivəsində təlimlər uğurla davam edir.
29.12.2025 tarixində Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan 3-cü təlimi giriş sözü ilə layihənin rəhbəri Seyranə Dosduzadə açaraq “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi çərçivəsində görülən işlərdən danışıb. Layihənin dəstəklənməsindən ötrü Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Təlim iştirakçılarının qeydiyyatını apardıqdan sonra cari təlim günü ərzində nəzərdə tutulan rəqslərlə bağlı qısa məlumat verib. Sonra sözü layihənin eksperti, təhsil layihələri üzrə mütəxəssis Samir Salayevə verib.
Ekspert öz çıxışında layihə iştirakçılarına uğurlar arzulayıb. Layihə icra planı haqqında qeydlərini bildirərək diqqətə çatdırıb ki, layihə çərçivəsində xüsusi səsgücləndirici avadanlığın və milli rəqs geyim formalarının sifarişi həyata keçirilib. Məktəblilər üçün yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Layihənin işinə uğurlar diləyib. Sonra təlimə start verilib.
Layihənin təlimçisi Anaxanım Bağırzadə təlim zamanı əvvəlcə Azərbaycanın qədim xalq rəqslərindən olan“Mirzəyi”, “Uzun dərə”, “Nəlbəki” rəqs musiqiləri, xalq musiqisi nümunəsi olan “Şuşanın dağları” mahnısı və “Ağ çiçəyim” musiqiləri üzərində əvvəlki təlimlərdə öyrədilən rəqsləri yoxlayıb. Rəqs elementlərindəki qüsurların aradan qaldırılması üçün praktik nümunələr təqdim edib. Sonra “İnnabı” və “Sarı gəlin” mahnısının musiqisi üzərində yeni rəqs elementlərinin nümayişinə çalışılıb. Məşq zamanı şagirdlərlə fərdi və qrup halında rəqsin elementləri məşq olunub. Təlim iştirakçı məktəblilərin böyük marağı ilə müşayiət olunub.
Qeyd edək ki, “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi 01.10.2025-01.04.2026-cı il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi məktəbliləri Azərbaycan milli rəqslərini ifa etməyə cəlb edərək onların həm milli-mənəvi dəyərlərimizlə yaxından tanış etmək, həm də onları fiziki fəallığa davamlı cəlb etmək üçün dayanıqlı imkanlar yaratmaqdan ibarətdir. Layihə 30 nəfər məktəblini əhatə edir.
“Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi
layihəsinin mətbuat xidməti

