Beynəlxalq Əlillər Günü ilə əlaqədar Lənkəran Dövlət Dram Teatrı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə teatrın kollektivi Lənkəran şəhər internat tipli xüsusi ümumitəhsil məktəbinə səfər edib. Səfər çərçivəsində “Möcüzə Uşaqlar” adlı rəngarəng və əyləncəli proqram təqdim olunub.
Cənub Press xəbər verir ki, teatr əməkdaşları məktəbin şagirdləri ilə görüşərək onlar üçün maraqlı səhnəciklər, oyunlar və interaktiv çıxışlar nümayiş etdiriblər. Tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək olmaq, onların sosial həyata fəal şəkildə inteqrasiyasına töhfə vermək olub.
Çıxışlarda vurğulanıb ki, fiziki məhdudiyyətli uşaqların sosial müdafiəsi, təhsili, reabilitasiyası və cəmiyyətə inteqrasiyası Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindəndir.
Qeyd edilib ki, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar, həyata keçirilən dövlət proqramları və göstərilən xüsusi qayğı müasir sosial siyasətin aparıcı sütunlarından birini təşkil edir.
