
Yardımlı Rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib.
Cənub Press xəbər verir ki, konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, YAP Yardımlı rayon Təşkilatının sədri Anar Alışov, Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşov, Lerik və Masallı rayon Ağsaqqallar Şurasının sədrləri, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və digər tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi yaddaşın qorunması, dövlətçiliyin gücləndirilməsi və milli kimliyin möhkəmləndirilməsi üçün önəmli addımdır. RİH başçısı Azərbaycanın ilk milli Konstitusiyasının 1995-ci ildə, ondan öncə – 1991-ci ildə isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyini və orada milli Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın əks olunduğunu bildirib. O, qeyd edib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. İlk milli Konstitusiyamızın əsas qayəsini hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təsbit olunması və müdafiəsi təşkil edir. RİH başçısı həmçinin 2002, 2008, 2016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumların keçirildiyini, orada təsbit olunan müddəalarda vətəndaşların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi və digər zəruri məsələlərin əks olunduğunu diqqətə çatdırıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsinin rəmzi məna daşıdığını deyən RİH başçısı, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbənin qazanıldığını, lakin tam suverenliyin hələ bərpa edilmədiyini, bəzi ərazilərimizin hələ ki erməni separatçılarının əlində olduğunu qeyd edib. Nəhayət, 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb və növbəti dəfə Yardımlıda ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. Konfransın çox aktual bir mövzuya həsr olunduğunu qeyd edən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını strateji məna daşıyan tarixi qərar adlandıraraq bildirib ki, bu qərar Azərbaycan dövlətçiliyinin ən əhəmiyyətli iki əsasının, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi ilə bağlıdır. Hər iki hadisə ölkəmizin siyasi, hüquqi və ideoloji cəhətdən formalaşmasında, inkişafında, eləcə də milli birliyimizin möhkəmləndirilməsində həlledici rol oynayıb. Öz nitqində Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən də bəhs edən Abel Məhərrəmov bildirib ki, ağsaqqallar, həmçinin, Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin vətəndaşlarımız arasında geniş təbliğ edilməsinə, dövlət başçısının müvafiq fərman, sərəncam və göstərişlərindən irəli gələn vəzifələrin həyata keçirilməsinə hər zaman öz layiqli töhfələrini verirlər.
Çıxışlarda vurğulanıb ki, Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirərək müstəqil Azərbaycanın suverenliyini daha da möhkəmləndirmiş, dövlətin iqtisadi və hərbi qüdrətini artırmış, xalqın rifahını yüksəltmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar və qətiyyətli siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi olan, regional və qlobal miqyasda nüfuzlu bir dövlətə çevrilmişdir.
Tədbirin sonunda Ağsaqqallar Şurasının sədrləri təşəkkürnamə ilə təltif olunublar.
Nərmin Əliyeva, Cənub Press