
stara rayonunda mal-qarada yoluxucu dabaq xəstəliyi yayılıb.
Cənub Press xəbər verir ki, virus mənşəli xəstəlik rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran kəndlərində və Ərçivan qəsəbəsində mal-qarada müşahidə olunur.
Kənd sakinlərinin sözlərinə görə, heyvanlar arasında xəstəlik sürətlə yayılır, temperatur 42 dərəcəyə qədər qalxır və ağızdan köpük gəlməsi kimi simptomlar görünür.
Bəzi heyvan sahibləri xəstəliyin yayılmasının qarşısını almaq üçün mal-qaranı qapalı şəraitdə saxlamağa məcbur olublar. Onlar həmçinin dərmanların keyfiyyətsiz, çatışmaz və baha olduğunu da bildirirlər.
Sakinlərin sözlərinə görə, son 10 gündə xəstəliyin yayılması sürətlənib. Qida Təhlükəsizliyi Agentliyi isə ölkədə epizootik vəziyyətin nəzarətdə saxlanıldığını, peyvəndləmə və biotəhlükəsizlik tədbirlərinin davam etdirildiyini açıqlayıb.
Qeyd edək ki, dabaq – cütdırnaqlı heyvanların yoluxduğu virus mənşəli xəstəlikdir. Xəstəliyin inkubasiya dövrü dəyişkəndir, 2-7 gün, bəzən 14-21 gün çəkir. Xəstəliyə yoluxma nəticəsində ölüm halları heyvanın növündən və yaşından asılı olaraq 1-5%, bəzən isə 20% təşkil edə bilər.
Dabaq virusu zoonoz olduğundan, insan sağlamlığı üçün də təhlükəli sayılır. Dabağa yoluxmuş insanda xəstəlik titrəmə, temperaturun 39-40 C-dək yüksəlməsi, baş və əzələ ağrıları ilə başlayır.
İnsanların xəstə heyvanlarla təmas, heyvan mənşəli çiy qida məhsullarının istehlakı və başqa yollarla bu xəstəliyə yoluxması mümkündür. Virusun insandan insana yoluxma halı qeydə alınmayıb.
Nərmin Əliyeva, Cənub Press