
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Deqadi kəndində əhali ilə keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Cənub Press xəbər verir ki, rayonun yaşayış məntəqələrində ildə bir dəfədən az olmayaraq səyyar qəbullar keçiririk. Şuvi nümayəndəliyinin ərazisinə daxil olan kəndlərdə də il ərzində bu görüşləri keçirmişik. Burada son illər çoxlu işlər görülüb. Şuvi, Sərək, Siyətük kəndlərində müasir tipli məktəb binaları tikilmiş, Deqadi kənd tam orta ümumtəhsil məktəbi üçün əlavə sinif otaqları tikilməklə tam orta məktəb kimi fəaliyyət göstərməsinə şərait yaradılmışdır. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması tədrisin keyfiyyətinə müsbət təsirini göstərmiş, son illər bu kəndlərdən ali məktəblərə daxil olan məzunların sayı xeyli artmışdır. Şagird sıxlığını nəzərə alaraq Deqadi kəndində daha bir tədris korpusunun tikilməsini vacib hesab edirəm.
Məlumat üçün qeyd edim ki, əsas diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni vandalları tərəfindən dağıdılmış, talan edilmiş infrastrukturun bərpasına yönəlmişdir. Dövlətimiz bu qlobal layihələrə milyonlarla, milyardlarla vəsait sərf etməsinə baxmayaraq digər regionlarımızın da inkişafının paralel aparılması üçün mümkün olan bütün tədbirləri həyata keçirir. Rayonumuzun yaşayış məntəqələrində də tikinti-quruculuq işləri bir an səngimir. Elə Şuvi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin əsas avtomobil yolları asfaltlaşdırılmış, Deqadi və Səlivə kəndlərinə yeni qaz xətti çəkilməklə əhalinin uzun illər təbii qaz gözləntisi həllini tapmışdır. Elektrik xətt təsərrüfatında cari təmir işləri aparılmış, yüksək sürətli internet şəbəkəsinin yaradılması təmin edilmişdir. Ötən ayın son günlərində yağan güclü yağışlar nəticəsində sel-sularının çökdürdüyü Sərək kəndindəki avtomobil körpüsünün də qısa müddətdə sizinlə birlikdə bərpasına nail olduq.
Həyata keçirilən sosial layihələr cənab Prezident İlham Əliyevin ölkənin hər bir vətəndaşına olan böyük diqqət və qayğısının bariz nümunəsidir.
Görüş iştirakçıları müstəqil dövlətimizi bugünkü yüksək inkişafa çatdıran, vətəndaşlarına yüksək diqqət və qayğı göstərən möhtərəm Prezident İlham Əliyevə minnətdarlıq etmiş, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına təşəkkür etmişlər. Sakinlər həmçinin Deqadi kənd tam orta məktəbində şagird kontingenti artdığı üçün əlavə sinif otaqlarının tikilməsinə, Səlivə kəndində əlavə elektrik transformatorunun qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Nərmin Əliyeva, Cənub Press