
Təqdimat mərasimində RİH başçısının birinci müavini Qalib Xudaverdiyev, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Cənub Press xəbər verir ki, başçının birinci müavini Qalib Xudaverdiyev vətənin müdafiəsi uğrunda canından keçən Ramazan Hüseynzadənin və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib, kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə öz minnətdarlığını bildirib.
Sonra şəhid Ramazan Hüseynzadənin həyat və döyüş yolundan bəhs edən videoçarxa baxış keçirilmişdir.
Şəhid Ramazan Hüseynzadənin anası Pərvanə xanım Hüseynova və atası Həmdulla Hüseynov çıxış edərək şəhidin keçdiyi qəhrəmanlıq yolu, həyatı haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Kitabın müəllifi Natəvan Zahidqızı tədbir iştirakçılarını kitab haqqında məlumatlandırıb. Qeyd edib ki, “İki nəfəs-bir Vətən” adlı kitabda şəhid Ramazan Hüseynzadənin həyatı və döyüş yolundan bəhs edilir, ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri yer alır.
Digər çıxış edənlər şəhidlərin xatirəsinə yazılmış kitabların gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd edərək, kitabı ərsəyə gətirənlərə minnətdarlıq ifadə ediblər.
Nərmin Əliyeva, Cənub Press