
Biləsuvar rayon Rafiq Rzayev adına Nəsimi kənd tam orta məktəbi üçün inşa olunmuş 624 şagird yerlik yeni binanın açılış mərasimi keçirilib.
Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, təhsil işçiləri, məktəbin müəllim kollektivi və şagird heyəti iştirak edib.
Cənub Press xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov “Bilik Günü” və yeni məktəbin açılışı münasibətilə pedaqoji kollektivi, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.
Faiq Qürbətov bildirib ki, öllkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, bu sahədə keyfiyyətin yüksəldilməsinə göstərilən dövlət qayğısı bir daha təsdiq edir ki, təhsil dövlətin prioritet sahəsidir. Rayonumuzda da bu sahədə yeni məktəblər tikilir, əsaslı təmir olunur və maddi-texniki bazaları genişləndirilir.
Bu istiqamətdə görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.
İcra başçısı bir daha məktəbin kollektivini təbrik edərək onlara uğurlar arzulayıb.
Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan regional Təhsil İdarəsinin şöbə müdiri Müşfiq Dadaşov və digərləri çıxış edərək 15 sentyabr-Bilik günü və məktəbin yeni binasının açılışı münasibətilə xoş sözlərini bildirdilər, kollektivə uğurlar arzuladılar.
Açılış mərasimində çıxış edənlər təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda qonaqlar məktəb binasına baxış keçirib, sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 1972-ci ildən fəaliyyət göstərən məktəbin binası köhnə və yararsız vəziyyətdə olduğu üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏIliyevin müvafiq sərəncamına uyğun olaraq 2023-cü ilin fevral ayından məktəbin yeni binasının tikintisinə başlanılmışdır. Hazırda istifadəyə verilən 624 şagird yerlik məktəbin yeni binasında sinif otaqlarından əlavə, fizika, kimya, biologiya laboratoriyaları, hərbi hazırlıq, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, akt zalı, idman zalı və yeməkxana inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.