
Avqustun 17-də start götürən Lənkəran rayon Kənarmeşə kənd stadionunda Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında futbol idman növü üzrə Lənkəran – Astara region turnirinin sentyabrın 14-də final oyunu və təltifetmə mərasimi keçirilib.
Cənub Press xəbər verir ki, turnirin təltifetmə mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təltifetmə mərasimində Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Kənarmeşə kənd icra nümayəndəsi, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Turnirin təltifetmə mərasimində Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev, şəhid Məhəmməd Hüseynovun anası, Kənarmeşə kənd icra nümayəndəsi çıxış edərək qalib komandaları təbrik ediblər.
10 komanda arasında gərgin mübarizə şəraitində keçən turnirdə Xolmili FK l yeri, Tütəpeştə FK ll yeri və Kənarmeşə FK lll yeri qazanıblar.
Sonda komandalar kubok və diplomlarla təltif ediliblər.
Komandaları təbrik edir, uğurlar arzulayırıq.
Nərmin Əliyeva, Cənub Press