Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Cənub Press xəbər verir ki, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə aidiyyəti qurumların rəhbər şəxsləri çıxış ediblər.
Çıxış edən Azər Cahangirov, Bəhruz Mehdiyev, Teymur Babazadə və digər nümayəndələr gənclərin sağlam və təhlükəsiz mühitdə formalaşmasının dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, narkomaniya və erkən nikah halları gənc nəslin gələcəyinə, təhsilinə və sosial inkişafına ciddi mənfi təsir göstərən əsas amillərdəndir. Bu baxımdan maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn-məktəb-polis əməkdaşlığının gücləndirilməsi xüsusi önəm kəsb edir.
Tədbir zamanı iştirakçılara zərərli vərdişlərin doğurduğu fəsadlar, erkən nikahların hüquqi və sosial nəticələri barədə ətraflı məlumat verilib.
Çıxışlarda sağlam gələcəyin təmin olunması naminə bu istiqamətdə birgə fəaliyyətin vacibliyi qeyd olunub.
Müxbir – İlkin Adıyev

