Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ziyalıları ilə görüş keçirib.
Cənub Press xəbər verir ki, görüşdə çıxış edən RİH başçısı bu cür görüşlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb, son illər ərzində rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf layihələri barədə qısa xronoloji məlumat verib.
Tədbir zamanı milli-mənəvi dəyərlərin qorunması, təhsil və mədəniyyət sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı, sosial rifahın yaxşılaşdırılması, şəhid və qazi ailələrinə göstərilən diqqət, onların problemlərinin həlli istiqamətində görülən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ziyalılar öz çıxışlarında rayonda həyata keçirilən iqtisadi, sosial, mədəni və digər layihələri müsbət qiymətləndirərək, abadlıq-quruculuq işlərinin əhəmiyyətini qeyd edib, eyni zamanda bir sıra təklif və tövsiyələrini səsləndiriblər.
Maraqlı və səmərəli polemika şəraitində keçən görüşdə son illər Cəlilabad rayonunda görülən işlər, rayon sakinləri və əhalinin müxtəlif təbəqələri ilə mütəmadi keçirilən görüşlər iştirakçılar tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirilib.
Sonda Rafiq Cəlilov bu cür görüşlərin rayonun hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, qaldırılan məsələlərin qısa zamanda həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
