
Ölkənin bir çox bölgələrində heyvanlar arasında dabaq (ayaq-ağız) xəstəliyi yayılmaqda davam edir. Bu virus inək, qoyun, keçi, camış və donuzlarda ağız və dırnaq nahiyəsində ağrılı yaralar yaradır, nəticədə süd və çəki itkisinə, bəzən də heyvanların tələf olmasına gətirib çıxarır.
Cənub Press xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Dövlət Baytarlıq Nəzarəti Xidməti vaksinasiya kampaniyasını davam etdirir. Lakin xəstəliyin sürətlə yayılmaması üçün regionlarda karantin tədbirləri gücləndirilməlidir:
“Mal bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilməli, heyvanların daşınması və köçü dayandırılmalıdır.”
Mütəxəssisin sözlərinə görə, xəstə heyvanların ət və südü insan qidalanması üçün yararsızdır və bazara çıxarılmamalıdır.
Bütün cütdırnaqlı heyvanlar mütəmadi peyvəndlənməli, təsərrüfatlarda dezinfeksiya və karantin tədbirləri görülməlidir.
AQTA bildirir ki, hazırda ölkədə epidemik vəziyyət sabitdir və “mal bazarlarında” karantin rejimi tətbiq olunmayıb.
Qurum vəziyyəti nəzarətdə saxladığını vurğulasa da, mütəxəssislər profilaktik tədbirlərin artırılmasının vacibliyini xatırladır.
Nərmin Əliyeva, Cənub Press