
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “Gəncliyimin rəngli dünyası” adlı tədbir keçirilib.
Cənub Press xəbər verir ki, tədbir gənclərin və yeniyetmələrin çəkdikləri rəsmlərə və əl işlərinə baxışın keçirilməsi ilə başlayıb.
“Gəncliyin rəngləri” panelində hər gənc sevdiyi rəngi seçib ona uyğun öz arzularını ifadə ediblər.
Hər bir rəssam bir gənclə rəsm çəkib. Onlar öz hislərini, duyğularını, arzularını rənglərin sehri ilə kağız üzərinə daşıyıblar. Hər bir tablo gəncliyin ürəyindən gələn səmimi duyğuların rənglərlə ifadəsidir.
Tədbirin əsas məqsədi gənclərin öz daxili dünyasını cəsarətlə ifadə etməsinə dəstək olmaq, onların sənətə və yaradıcılığa olan maraqlarını artırmaq, gələcəyin rəssamlarına stimul vermək olub.
Tədbirin müsabiqə mərhələsində ən çox bəyənilən 3 rəsmin sahibləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
Nərmin Əliyeva, Cənub Press