
Biləsuvarda nəzarətsiz qalan ovçuluq təsərrüfatı tullantılarla çirkləndirilib.
Cənub Press Teleqraf-a istinadən xəbər verir ki, Şirvan Milli Parkına tabe olan Mahmudçala ovçuluq təsərrüfatının ərazisi hazırda tullantılarla çirklənmiş vəziyyətdədir.
Təsərrüfatın müxtəlif yerlərinə ov məqsədilə gələn şəxslər özləri ilə gətirdikləri su qabları və digər tullantıları əraziyə ataraq oranı tərk edirlər. Nəticədə ətrafda xoşagəlməz mənzərə yaranıb.
Bundan əlavə, bir neçə gündür ölkə ərazisində ov mövsümünə icazə verilməsinə baxmayaraq, təsərrüfatda nəzarətçilərə rast gəlinmir. Qapıları açıq olan əraziyə istənilən vaxt brakonyerlərin daxil olması asanlaşıb.
Qeyd edək ki, burada ov və ya balıq ovu üçün xüsusi icazə sənədi tələb olunur. Mütəxəssislər hesab edirlər ki, ərazidə nəzarətin gücləndirilməsi və tullantıların yığışdırılması təbii mühitin qorunması üçün vacibdir.
Nərmin Əliyeva, Cənub Press