
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ətraf mühitin qorunması və abadlıq işlərinin daha da gücləndirilməsi məqsədilə genişmiqyaslı təmizlik aksiyası həyata keçirilmişdir.
Cənub Press xəbər verir ki, Cəlilabad şəhərinin ərazisində yol kənarları tullantılardan təmizlənmiş, otlar biçilmiş, ağaclar suvarılmış və yaşıllıq zolaqlarında abadlıq-bərpa işləri aparılmışdır.
Təmizlik aksiyasında rayon icra hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə nümayəndələri, dövlət qurumlarının kollektivləri, könüllülər, Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatının və Mənzil İstismar Sahəsinin əməkdaşları fəal iştirak etmişlər.
Bu kimi tədbirlərin keçirilməsi həm ekoloji mədəniyyətin formalaşmasına, həm də vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir. “Konstitusiya və Suverenlik İli” münasibətilə keçirilən bu aksiyanın əsas məqsədi hər bir vətəndaşda təbiətə qayğı, ətraf mühitin qorunması və təmizliyə diqqət kimi dəyərləri təşviq etməkdir.
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi, təmizlik və abadlıq işlərinin mütəmadi xarakter daşıması nəzərdə tutulur.
Nərmin Əliyeva, Cənub Press