
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri ilə sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və idmana cəlb olunması istiqamətində görüş keçirilib.
Cənub Press xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev, Azərbaycanın Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, məşqçi-müəllim Fəzail Əbilov, məktəbin direktoru və kollektivi iştirak ediblər.
Görüş zamanı Yusif Xamiyev Ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğıdan, hazırda Azərbaycanda keçirilən III MDB Oyunlarından, idmanın inkişafından, sağlam həyat tərzinin təbliğindən, səhər idmanın faydasından, Lənkəran şəhər UGİM-in tərkibində fəaliyyət göstərən həndbol, ağırlıqqaldırma və boks idman növləri barədə, eyni zamanda Lənkəran Olimpiya İdman Kompleksində fəaliyyət göstərən idman növləri və oktyabr ayında start veriləcək “Üzməyi öyrənək” layihəsi barədə ətraflı məlumat verib.
Vidadi Əliyev də öz növbəsində həndbol idman növünün tarixindən, bu idman növünün insan sağlamlığı üçün faydasından, regionda həndbol bölməsinin fəaliyyətə başlaması və cəlb olunmuş idmançılara göstərilən qayğı və dəstəkdən danışıb.
Həmçinin Lənkəran Olimpiya İdman Kompleksində məşqçi -müəllimlərin iştirakı ilə yeniyetmələr arasında master-klass göstərilib.
Nərmin Əliyeva, Cənub Press