
Azərbaycanda pensiya almaq hüququ olan qadın və ya kişi vəfat edən həyat yoldaşının pensiyasını ala bilər. Bu, qanunvericiliklə tənzimlənir.
Cənub Press xəbər verir ki, deputat Fazil Mustafa bu kateqoriyadan olan vətəndaşlar üçün ya ayrıca bir prosedur düşünməli, ya da ərinin (arvadının) pensiyası ona verilməlidir:
Yəni əgər pensiyaçı ər vəfat edirsə, onun həyat yoldaşı özü də pensiya yaşına çatıbsa, pensiya alırsa, onda ərinin pensiyasını almaq hüququna malikdir. Bu qayda, eyni zamanda, ər üçün də keçərlidir.
Göründüyü kimi, ölən ər və ya arvadın pensiyasını almaq üçün şəxs mütləq özü də təqaüdçü olmalıdır. Bu isə təqaüd alan ərini (arvadını) itirmiş və pensiya yaşına çatmamış işləməyən qadınların narazılığına səbəb olur. Çünki qadın heç vaxt işləməyibsə, yaşı 55-65 aralığındadırsa, ərinin vəfatı ilə ona verilən təqaüd kəsilirsə, çıxılmaz durumda qalır. Xüsusilə, övladı olmayan, tənha qadınlar (kişilər) bundan daha çox əziyyət çəkirlər.
Bəs işləməyən qadınların (kişilərin) istisna olunması təklif edilə bilərmi? Yəni bu hallar nəzərə alına bilərmi?
“Söhbət konkret insanın həyatından, birgə yaşayışda əldə elədikləri gəlirdən gedir. İşləyən insanın, kişinin qazandıqları üzərində qadının da haqqı var. Ona görə də bu kimi məsələlərdə daha optimal yol seçilməlidir”.
O, hansısa formada həmin insanlara dəstək verilməsinin vacibliyini vurğulayıb:
“Konkret şəxsin həyat yoldaşı vəfat etdikdən sonra onun necə yaşayacağı müvafiq qurumları narahat etməlidir. Onlar düşünməlidirlər ki, hansısa formada həmin şəxslərə dəstək vermək vacibdir”.(Bizim.Media)
Nərmin Əliyeva, Cənub Press