
Sentyabrın 22-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində İnkişaf Akademiyası layihəsi çərçivəsində “İlkin təcili və təxirəsalınmaz tibbi yardım” adlı təlim keçirilib.
Cənub Press xəbər verir ki, təlimdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Təlim şöbəsinin böyük həkimi Sevil Əliyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.
Təlim nəzəriyyə və praktiki hissədən ibarət olub.
Təlimdə ilk tibbi yardımın əhəmiyyəti, həmçinin kapilyar, venoz, arterial qanaxmalar zamanı ilk tibbi yardımın göstərilməsi, qəfildən xəstələnmiş, əzilmə, sınıq və ya yanıq zədələri almış şəxslərin həyatını xilas etmək üçün həkiməqədər prosesləri hansı qaydada etmək lazım olması gənclərin öz üzərlərində praktiki şəkildə izah olunub.
Təlimdə 30 nəfər iştirak edib.