
Son illər Lənkəran rayonun dinamik inkişafı, əhalinin sayının artması ictimai nəqliyyata olan tələbatı daha da artırıb.Bununla bağlı dövlətin dəstəyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında daşınması üçün mühüm addımlar atılır.
Cənub Press xəbər verir ki, sentyabrın 15-də Lənkəran rayonunun nəqliyyat sisteminin inkişafı və sərnişinlərin rahatlığının təmin edilməsi istiqamətində görülən işlərin davamı olaraq, 2 marşrut xəttinə 4 yeni, müasir avtobus buraxılıb. “Lənkəran – Sərnişin” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Böyük Bazar – Dairəvi və Böyük Bazar – Mikrorayon istiqamətləri üzrə ümumi sərnişin tutumu 35 nəfər olan “Qazel Next City” markalı, 2025-ci il istehsalı yeni avtobuslar xəttə buraxılıb.
Qeyd edək ki, xəttə buraxılan yeni avtobuslar həm texniki göstəricilərinə, həm də komfort səviyyəsinə görə əvvəlkilərdən fərqlənir. Yeni avtobuslar müasir təhlükəsizlik sistemləri, kondisioner, geniş oturacaqlar, əlilliyi olan şəxslər üçün xüsusi yerlər və ekoloji təmiz mühərriklərlə təchiz olunub.
Əziz lənkəranlılar!
Yeni avtobusların istifadəyə verilməsi yalnız nəqliyyat xidmətinin yaxşılaşdırılması deyil, həm də gündəlik həyatımızın daha rahat və təhlükəsiz təşkilidir. Gəlin, ictimai nəqliyyata qayğı ilə yanaşaq, avtobuslardan düzgün istifadə və ümumi rahatlığımız üçün qaydalara riayət edək.
Nərmin Əliyeva, Cənub Press