
Ən çox istifadə olunan qida növü olan çörək müxtəlif üsullarla bişirilsə də, ən dadlısı təndirdə hazırlanan hesab olunur. Azərbaycanın cənub bölgəsində, Astara şəhərində inşa edilən nəhəng təndir isə həm ölçülərinə, həm də özəlliklərinə görə diqqət çəkir.
Cənub Press xəbər verir ki, təndir 2015-ci ildə lənkəranlı ustalar tərəfindən üç ay ərzində inşa edilib. Tikilinin hündürlüyü 6,5 metr, eni isə 12 metrdir. Ənənəvi təndirlərdən fərqli olaraq, burada kərpic və daş əvəzinə yüngül metal konstruksiyalardan istifadə olunub.
İş icraçısı Səbuhi Ruhullayev bildirib ki, təndir xüsusi quruluşu ilə seçilir:
“Tikintiyə 2015-ci ilin iyulunda başlanılıb, üç aya başa çatdırılıb. Konstruksiya elə hazırlanıb ki, daxilində 5-6 kiçik təndir yerləşdirilib. Havalandırma sistemi sayəsində içəridə nə tüstü, nə də qoxu qalır. Bu xüsusiyyətlər turistlərin marağına səbəb olur”.
Hazırda təndir bölgədəki istirahət mərkəzlərindən birinin mətbəxi kimi fəaliyyət göstərir. Burada əsasən talış mətbəxinə məxsus yeməklər və müxtəlif növ çörəklər bişirilir. Baş aşçı Yəhya Babayevin sözlərinə görə, təndirdə hazırlanan yeməklər ekoloji cəhətdən təmiz və dad baxımından fərqlidir:
“Daxilinə altı təndir yerləşdirilib. Burada bişirilən çörək, balıq və toyuq xüsusi dadı ilə seçilir. Havalandırma sistemi sayəsində yayda sərin, qışda isti mühit yaranır. Bu da yeməklərin ləzzətinə birbaşa təsir göstərir”.
Mütəxəssislərin sözlərinə görə, yay aylarında təndirə tələbat artır və burada müxtəlif cənub mətbəxinin təamları hazırlanır.
Qeyd edək ki, böyüklüyünə görə ölkədə ikinci belə təndir Lənkəranda inşa olunub. Hər iki tikili yerli və xarici turistlərin böyük marağına səbəb olur.