Neftçala rayonu Xıllı qəsəbə R.Gözəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbdə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş və ingilis dili müəllimi Nüşabə Zeynalova tərəfindən icra edilmiş ““FunEasyLearn” tətbiqinin köməyi ilə şagirdlərin ingilis dili üzrə bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin bağlanış mərasimi keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, layihə rəhbəri, layihə rəhbərinin köməkçisi, müəllimlər, valideynlər və layihəyə cəlb edilmiş şagirdlər iştirak edib.
Əvvəlcə rəsmi hissə təşkil edilib və layihənin icrası və əldə edilmiş nəticələr ilə bağlı geniş məlumat veriblər.
Qeyd olunub ki, həqiqətən də layihə qarşıya qoyulmuş məqsədlərə nail olub, şagirdlərin xarici dil öyrənməsinə motivasiyasını artırıb və onların dil bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayıb. Müşahidələr və monitorinq qiymətləndirməsində əldə olunan nəticələr göstərib ki, artıq şagirdlər dərslərdə daha fəal iştirak edir, müstəqil öyrənməyə daha çox həvəs göstərir və ingilis dilində ünsiyyət qurmağa daha inamla yanaşırlar.
Daha sonra söz layihədə iştirak etmiş şagirdlərə verilib. Şagirdlər ingilis dilində səhnələşdirdikləri məşhur “Sinderella” nağılını nümayiş etdirib, mahnı ifa edib və layihə haqqında öz fikirlərini paylaşıblar.
Sonda bütün şagirdlərə iştirakçı sertifikatları təqdim edilib və xatirə şəkilləri çəkilib.

