Cəlilabadda müəllimlərdən nümunəvi addım.
Bayram günü rayonun 9 nömrəli məktəbinin pedaqoji kollektivi kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə aksiyası təşkil edib.
Cənub Press xəbər verir ki, müəllimlər öz hesabına topladıqları vəsaitlə uşaqlara bayram sovqatları paylayıblar.
Sovqatlar əsasən uşaqlar üçün zəruri olan paltarlar, ayaqqabılar və oyuncaqlardan ibarət olub.
Aksiyanın təşkilatçısı Rauf Məlikov bildirib ki, bütün kollektiv bu təşəbbüsə könüllü şəkildə qoşulub və nəticə gözlədiklərindən də yüksək olub.
O qeyd edib ki, valideyn qayğısından məhrum olan uşaqların diqqət və qayğıya daha çox ehtiyacı var. R.Məlikov gələcəkdə də bu kimi xeyriyyə aksiyalarının davam etdiriləcəyini istisna etməyib.


