Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi Seyranə Dosduzadənin rəhbəri olduğu “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin 16.03.2026 tarixində bağlanış tədbiri yüksək səviyyədə təşkil olunub. Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbirdə Separadi kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini icra edən Şölə Əzimova, direktor müavini Elşən Məmmədov, layihənin eksperti Samir Salayev, layihənin təlimçisi Anaxanım Bağırzadə, məktəbin müəllimləri, şagirdləri, valideynlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin ilk olaraq bədii hissəsi təqdim olunub. Bu hissədə “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsinin iştirakçılarının ifasında Azərbaycan milli rəqslərinin təqdimatı izlənilib. Layihə çərçivəsində toplamda 30 saatlıq olmaqla 10 təlimdə iştirak edərək rəqs bacarıqlarını inkişaf etdirən məktəblilər öz bacarıqlarını göstəriblər. Hər bir rəqs çıxışından öncə həmin rəqsin milli-mənəvi dəyərlərimizdə rolu, fiziki hərəkətlilikdə əhəmiyyəti haqqında məlumatlar təqdim olunub. Ümumilikdə məktəblilər fərdi, qrup və kollektiv formalarda olmaqla “Uzun dərə”milli rəqsi, “Şuşanın dağları” mahnısının müsiqisi üzrə rəqs, “Ağ çiçəyim” mahnısının musiqisi üzrə rəqs, “Nəlbəki” xalq rəqsi, “Şən Azərbaycan” milli musiqisi üzrə rəqs, “Sarı gəlin” mahnısının musiqisi üzrə rəqs, “Arşın mal alan” tamaşasındakı “Qızların xoru” səhnəsi üzrə rəqs, “Mirzəyi” milli rəqsi, “İnnabı” çilli rəqsi, “Çay” xalq-məişət rəqsi üzrə yüksək səviyyədə çıxış ediblər.
Məktəblilərin rəqs çıxışları bitdikdən sonra Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, layihənin rəhbəri Seyranə Dosduzadə çıxış edərək layihə çərçivəsində görülmüş işlər haqda məlumat verib. Məktəblilərin layihə çərçivəsində qazandığı bacarıqların ifasının hamıya xoş ovqat təxş etdiyini vurğulayıb. Layihə ideyasına yüksək dəstəyinə görə, layihə çərçivəsində məktəbin səsgücləndirici avadanlıqla təmin olunmasına və 20 ədəd milli rəqs geyim formalarının alınmasına görə Azərbaycan Elm və Təhsil Nazirliyinə dərin təşəkkürünü ifadə edib.
Separadi kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini icra edən Şölə Əzimova çıxış edərək layihənin yüksək səviyyədə icra olunması münasibəti ilə layihə komandasını təbrik edib. Qeyd edib ki, məktəblilərin artıq peşəkar səviyyədə rəqsləri ifa etmələri layihənin uğurlu təlimləri nəticəsində əmələ gəlmişdir. Bu həm mədəniyyətə diqqəti yönəldib, həm də fiziki hərəkətliliyi artıran təşəbbüsdür. Layihə komandasına təşəkkürünü ifadə edib.
Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini Elşən Məmmədov öz çıxışında məktəb kollektivini bu uğur münasibətilə təbrik edib. Həm milli dəyərlərin qorunması, həm də sağlamlıq fəaliyyətlərinin təşkili baxımından layihə fəaliyyətini yüksək qiymətləndirib.
Layihənin eksperti, təhsil layihələri üzrə mütəxəssis, Elm Tədris Akademiyasının direktoru, Azərbaycan Universiteti Təlim-Tədris Mərkəzinin müdiri, təlimçi-ekspert Samir Salayev çıxış edərək layihə çərçivəsində görülmüş işlərin keyfiyyətindən danışıb. Həmçinin qeyd edib ki, layihə çərçivəsində alınan resurslar layihənin gələcəkdə də davamlılığına da öz töhvəsini verəcəkdir. Yaradılan şəraitə görə layihənin donoruna təşəkkürünü ifadə edib.
Layihənin təlimçisi, musiqi müəllimi Anaxanım Bağırzadə öz çıxışında qeyd edib ki, layihə çərçivəsində təşkil olunmuş 30 saatlıq təlimlərin nəticəsində məktəblilərin təqdim etdiyi rəqs bacarıqlarının yüksək səviyyədə olması təlimlərin keyfiyyətini göstərir. Məktəblilərə, valideynlərə layihəyə yüksək diqqət göstərdikləri üçün təşəkkürünü ifadə edib. Gələcəkdə də layihənin davamlılığı işində dəstəkçi olacağını qeyd edib.
Ümumilikdə digər çıxışların hər birində də layihənin yüksək səviyyədə icra olunması, bu layihənin məktəblilərin həyatında unudulmaz xoş xatirə yaratması, onların həm milli-mənəvi dəyərlərə hörmət ruhunda, həm də sağlam formada inkişafına əhəmiyyətli təsir etməsi məsələləri yer alıb, layihə komandası uğurlu işə görə təbrik olunub.
Çıxışlardan sonra “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsində iştirak edək məktəblilərin hər biri layihə çərçivəsində hazırlanan xüsusi sertifikatlarla təltif olunub. Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi 01.10.2025-01.04.2026-cı il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi məktəbliləri Azərbaycan milli rəqslərini ifa etməyə cəlb edərək onların həm milli-mənəvi dəyərlərimizlə yaxından tanış etmək, həm də onları fiziki fəallığa davamlı cəlb etmək üçün dayanıqlı imkanlar yaratmaqdan ibarətdir.
“Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi
layihəsinin mətbuat xidməti

