
Qiymətləndirmədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Astara şəhər Ceyhun Babayev adına lisey, Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Lənkəran rayonu Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbi və Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 101 nəfər şagirdi iştirak edib.
Cənub Press xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsə əsaslanaraq, PISA 2029 dövrünə iqlim savadlılığını yeni səriştə əsaslı qiymətləndirmə istiqaməti kimi daxil etməyi nəzərdən keçirir. Bu ideyanın təşəbbüskarı kimi Azərbaycan da pilot mərhələdə 14–16 yaşlı şagirdlərlə iştirak edir.
PISA-nın (Programme for International Student Assessment — Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) çərçivəsində İqlim Savadlılığı sahəsi üzrə pilot mərhələnin qiymətləndirilməsi şagirdlərin iqlim savadlılığı üzrə bilik və anlayışlarını, eləcə də iqlim məsələlərinə münasibət və davranışlarını ölçən iki hissədən ibarətdir.
Onlayn formatda təşkil olunan pilot mərhələ sualların məzmun uyğunluğunu və çətinlik dərəcəsini sınaqdan keçirmək məqsədi daşıyır.
Nərmin Əliyeva, Cənub Press