iləsuvarda ilk dəfə pambıq sahələrinin becərilməsində təsərrüfat dronlarından istifadə olunmağa başlanılıb. Bu, Azərbaycanın kənd təsərrüfatında dron texnologiyasının tətbiqi istiqamətində atılan mühüm addımlardan biri hesab olunur.
Cənub Press xəbər verir ki, yeni texnologiya sahəyə ağır texnikaların vurduğu ziyanın qarşısını almaqla yanaşı, işin daha sürətli, dəqiq və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır.
Təsərrüfat sahibi Cahangir Səfərov bildirib ki, əvvəlki illərdə pambıq sahələrinin texnika ilə becərilməsi həm xərcləri artırır, həm də bitkilərin təkər altında qalması nəticəsində hektara 2 sentnerədək məhsul itkisinə səbəb olurdu. Onun sözlərinə görə, bu il dronların istifadəsi həm vaxt, həm də xərclərə qənaət baxımından böyük üstünlüklər yaradıb:
“Əvvəllər yağıntılı hava və su basmış sahələrə texnika daxil ola bilmirdi. Bu il isə dronlar sayəsində həmin problem tamamilə aradan qalxdı.”
Dron texnologiyası tam avtomatlaşdırılmış sistemlə idarə olunur: sahələrin koordinatları, uçuş hündürlüyü və pestisidlərin çiləmə sürəti əvvəlcədən proqramlaşdırılır. Operator sadəcə dronu havaya qaldırır, daha sonra proses avtomatik şəkildə davam edir.
40 litrə qədər maye daşıya bilən dronlar dərmanlama zamanı maye bitdiyi anda dayanır, doldurulduqdan sonra isə prosesi qaldığı nöqtədən davam etdirir. Uçuş zamanı ön və arxa hissədəki radarlar maneəni aşkar etdikdə cihaz gözləmə rejiminə keçir və operatora siqnal göndərir.
Dron operatoru Rəşid İmanzadə deyib ki, təhlükə yarandıqda videoqeydiyyat aparılır və istənilən problemi sonradan izləmək mümkündür. Həmçinin bitki çıxmayan boşluqlar qeyd olunur və baş aqronoma təqdim edilir ki, bu da sahənin məhsuldarlığını daha dəqiq hesablamağa imkan verir.
Hazırda Biləsuvarda bir dron gün ərzində təxminən 50 hektar sahədə dərmanlama və gübrələmə işlərini həyata keçirə bilir.
Mütəxəssislərin fikrincə, Biləsuvarda tətbiq olunan bu yenilik yaxın illərdə Azərbaycanın digər bölgələrində də kənd təsərrüfatında ənənəvi texnikanı mərhələli şəkildə əvəz edəcək.
Nərmin Əliyeva, Cənub Press