
Cəlilabad rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin kütləvi şəkildə yayılması müşahidə olunur.
Cənub Press xəbər verir ki, yoluxma halları əsasən rayonun Sərhədabad və Adnalı kəndlərindəki təsərrüfatlarda qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, xəstəliyin əsas mənbəyi hər həftə bazar günü fəaliyyət göstərən heyvan bazarıdır. Satış üçün bazara gətirilən heyvanlarda qısa müddət sonra dabaq xəstəliyinə yoluxma halları aşkarlanır. Bu da bazar ərazisində virusun sürətlə yayılma riskinin yüksək olduğunu göstərir.
Hazırda yoluxma daha çox heyvan alveri ilə məşğul olan şəxslərin təsərrüfatlarında qeydə alınır.
Qeyd edək ki, dabaq iti gedişli və yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Xəstəlik qızdırma, ağız selik qişasında, dəridə, yelində və dırnaqarası hissələrdə aftaların yaranması ilə xarakterizə olunur. Cavan heyvanlarda isə miokard və skelet əzələlərinin zədələnməsi müşahidə edilir. Dabaq bütün cütdırnaqlı heyvanlara, nadir hallarda isə atlara və digər növlərə də keçə bilər.
Nərmin Əliyeva, Cənub Press