
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında mürəkkəb əməliyyat uğurla icra olunub.
Cənub Press xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində daha bir ağır və həyati risk daşıyan əməliyyat uğurla həyata keçirilib.
Belə ki, avtomobil qəzası nəticəsində ağır xəsarətlər alan, 1992-ci il təvəllüdlü qadın xəstə təcili olaraq xəstəxanaya gətirilib. İlkin tibbi müayinələr zamanı pasiyentdə “travmatik hipovolemik şok” diaqnozu müəyyən edilib, dərhal əməliyyata alınması barədə qərar verilib.
Cərrahi müdaxilə zamanı xəstədə diafraqmanın sol yarısının, dalağın, qaraciyərin, mədənin pilorik hissəsinin, sol yumurtalığın və nazik bağırsaq müsariqəsinin cırılması, həmçinin periton arxasında böyük həcmli hematoma aşkar edilib. Bununla yanaşı, 3-cü dərəcəli travmatik-hemorragik şok, çanaq sümüklərinin və sol döş qəfəsinin qabırğalarının sınığı da müşahidə olunub.
Riskli əməliyyat Cərrahiyyə şöbəsinin müdiri həkim-cərrah Əfqan Həsənov, cərrah Mirqəfər Miriyev və anestezioloq-reanimatoloq Arzu Cəfərli tərəfindən icra edilib.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.