
Limfa düyünləri oval və ya yumru formada olan kiçik törəmələrdir. Onların ölçüləri 1 mm-dən 2 sm-ə qədər ola bilər. Limfa düyünləri orqanizmin immun sisteminin mühüm hissəsidir və mikrobların, infeksiyaların, xərçəng hüceyrələrinin yayılmasına mane olur. Burada yaranan limfositlər yad və təhlükəli hüceyrələrin məhv edilməsində aktiv iştirak edir.
Cənub Press xəbər verir ki, orqanizmdə bir neçə limfa düyünləri qrupları mövcuddur. Belə ki, onlar dirsək büküşündə, qoltuq altında, diz büküşündə, qasıq nahiyəsində yerləşir. Boyun nahiyəsində yerləşən limfa düyünləri baş və boyunu infeksiya və şişlərdən qoruyur.
Qarın və döş boşluqlarında da çoxlu sayda limfa düyünü mövcuddur. Bədənin hər hansı yerində onların böyüməsi və ya iltihabı həmin sahədə problemin olmasına işarədir.
Limfadenit
Limfa düyünlərinin böyüməsi və iltihabı limfadenit adlanır. O, bəzən irinli olur. Əsas simptomlar:
-
düyünün böyüməsi və ağrıması,
-
dərinin qızarması,
-
bədən hərarətinin yüksəlməsi,
-
ümumi zəiflik.
Müalicə olunmadıqda irin ətraf toxumalara yayılır və fleqmona yaranır.
Uşaqlarda limfa düyünləri
Uşaqlarda limfa düyünləri daha tez-tez böyüyür. Çox vaxt bu, ciddi təhlükə daşımır və uşaqların immun sisteminin tam formalaşmaması ilə bağlı olur. Lakin böyümə bir aydan çox davam edərsə, uşağı pediatra göstərmək vacibdir.
Böyümə səbəbləri:
-
kəskin respirator infeksiyalar,
-
tonzillit, diş absesi,
-
uşaq infeksiyaları (məxmərək, qızılca, suçiçəyi, parotit) və s.
Sağaldıqdan sonra düyünlər adətən öz normal ölçüsünə qayıdır.
Ciddi xəstəliklərlə əlaqəsi
Limfa düyünlərinin uzunmüddətli böyüməsi belə xəstəliklərin əlaməti ola bilər:
-
brusellyoz,
-
listerioz,
-
mononukleoz,
-
QİÇS-infeksiya,
-
xərçəng xəstəlikləri.
Şiş xəstəlikləri zamanı limfa düyünləri birbaşa zədələnə və ya digər orqanlardan metastaz ala bilər. Ən çox rast gəlinən xəstəliklər:
-
Limfoqranulematoz,
-
Limfosarkoma.
Bu hallarda düyünlər 3–4 sm və daha artıq böyüyür, sərt və ağrısız olur.
Metastaz verən xərçənglər
-
Qoltuqaltı limfa düyünləri: süd vəzi xərçəngi, melanoma, limfoqranulematoz.
-
Qasıq limfa düyünləri: melanoma, vulva xərçəngi, düz bağırsaq xərçəngi.
-
Boyun limfa düyünləri: qalxanvari vəzi xərçəngi, qırtlaq və dil xərçəngi.
🔎 Nəticə: Böyümüş limfa düyünü çox ciddi xəstəliklərin əlaməti ola bilər. Buna görə də belə hal müşahidə etdikdə mütləq həkimə müraciət etmək lazımdır.
Nərmin Fəxrəddinqızı