Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Forest School Azerbaijan” tərəfindən “Atalar məktəbi” proqramının icrasına start verilib. Layihə Sosial Xidmətlər Agentliyinin ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına xidmət edir.
Cenubpress xəbər verir ki, “Atalar məktəbi” proqramının əsas məqsədi ataların valideynlik prosesində iştirakının gücləndirilməsi, ailədaxili münasibətlərin sağlam və dayanıqlı əsaslar üzərində qurulması, oğlan və qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul olunmasının təşviqi, uşaqların fiziki və psixoloji inkişafının daha təsirli şəkildə dəstəklənməsidir. Layihə çərçivəsində müvafiq sahə üzrə bilik və bacarıqlara malik, geniş auditoriya ilə işləmək təcrübəsi olan 10 təlimçi (fasilitator) seçilib və onlar üçün xüsusi hazırlıq təlimləri təşkil edilib. Təlimləri tamamlayan fasilitatorlar cari ilin dekabr ayı ərzində bölgələrdə atalar üçün maarifləndirici təlimlərə və müzakirə sessiyalarına başlayıblar.
Proqram Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini, Abşeron rayonunun Xırdalan şəhərini, Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarını əhatə edir. Ümumilikdə 250 ata layihəyə birbaşa cəlb olunacaq.
Artıq Cəlilabad və Lənkəranda ilk tədbirlər keçirilib. Hər iki tədbirə, ümumilikdə, 50-dən çox iştirakçı cəlb olunub. Tədbirin məqsədi “Atalar məktəbi” proqramı vasitəsilə ailə institutunun möhkəmləndirilməsinə, məsuliyyətli valideynlik mədəniyyətinin genişləndirilməsinə və uşaqların rifahının artırılmasına töhfə verməkdir. Beynəlxalq tədqiqatlar da göstərir ki, bu kimi proqramlar nəticəsində ataların aktiv iştirakı çətin həyat şəraitində yaşayan ailələrin rifah halını yaxşılaşdırır. Eyni zamanda, sağlam ata-övlad münasibətləri uşaqların sosial bacarıqlarını, məktəb nailiyyətlərini və psixoloji dayanıqlığını artırır.

