Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun və Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə “Karyera planlaşdırılması və düzgün peşə-ixtisas seçimi” mövzusunda “LevelUP” karyera forumu keçirilib.
Cənub Press xəbər verir ki, forumun açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ziya Qurbanov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Dadaşov və GİKM-in Şirvan-Salyan regional nümayəndəliyinin koordinatoru İsmayıl Ağacanlı çıxış edərək ölkədə gənclərə göstərilən diqqət və qayğının, onların düzgün peşə seçimi və karyera inkişafı üçün yaradılan imkanların əhəmiyyətini vurğulayıblar.
Panel müzakirə Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zahidə Heydərovanın moderatorluğu ilə davam edib. Müzakirədə Biləsuvar Peşə Liseyinin direktoru Nərmin Muradlı, İngilis dili müəllimi və beynəlxalq təhsil eksperti Azər Əliyev, İxtisas seçimi üzrə mütəxəssis Afərin Şirinov çıxış edərək gənclərə düzgün karyera planlaşdırılması, ixtisas seçimi zamanı diqqət edilməli məqamlar və əmək bazarının tələbləri barədə ətraflı məlumat veriblər.
Daha sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev çıxış edərək regionda gənclər üçün mövcud məşğulluq imkanları, sahibkarlıq fəaliyyətinə çıxış yolları və qrant proqramları barədə məlumat verib.
Forum interaktiv müzakirələr, sual-cavab sessiyası və fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, “LevelUP” forumunun əsas məqsədi gənclərin karyera imkanlarını genişləndirmək, onların peşəkar inkişafına dəstək olmaq və əmək bazarına hazırlıqlarını gücləndirməkdən ibarətdir.



