
İclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.
Cənub Press xəbər verir ki, komitə sədri Səhiyyə komitəsində 2025 – ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada komitədə 13 iclas keçirilib, ümumilikdə 18 məsələ müzakirə olunub, həmçinin, “ Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə təşkil olunub.
Daha sonra, komitə sədri Səhiyyə komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, planda payız sessiyasında komitəyə daxil olacaq qanun layihələrinə baxılması, müvafiq ictimai müzakirələrin keçirilməsi və digər məsələlər əks olunub.
RəşadMahmudov komitə iclasında təkliflə çıxış etmişdir.
Sitat:
‘Hörmətli sədr, hörmətli həmkarlar,
Üç gün əvvəl Elm və Təhsil Komitəsinin iclasında rezident həkimlərin əməkhaqqı və sosial təminatı ilə bağlı məsələni gündəmə gətirmişdim. Bu gün Səhiyyə Komitəsinin iclasında eyni mövzunu yenidən xatırlatmaq və konkret problemləri vurğulamaq istəyirəm. Bu, yalnız bir qrup gənc həkimin sosial rifahı ilə məhdudlaşmır, ölkəmizin səhiyyə islahatlarının uğurlu davamı və tibbi xidmətlərin keyfiyyəti üçün strateji əhəmiyyət daşıyır.
Son illərdə səhiyyə sahəsində böyük islahatlar həyata keçirilib. İcbari Tibbi Sığorta sistemi tətbiq olunub, yeni xəstəxanalar və klinik mərkəzlər istifadəyə verilib, idarəetmə mexanizmləri yenilənib. Lakin bu islahatların mərkəzində dayanan insan amili – xüsusilə də rezident həkimlər – lazımi dərəcədə təmin olunmasa, bütün bu dəyişikliklərin effektivliyi zəifləyə bilər.
Məsələnin əsas məqamlarından biri rezidenturanın magistratura səviyyəli təhsil kimi tanınmasına baxmayaraq, rezidentlərin eyni zamanda səhiyyə müəssisələrində tam ştatlı işləmələridir. Bu iki statusun paralel şəkildə tənzimlənməsi ilə bağlı hüquqi mexanizmlər aydın deyil. Bəzən rezidentlər yalnız “tələbə” kimi qəbul olunur və bu, onların işçi kimi hüquqlarını məhdudlaşdırır.
Digər mühüm problem təqaüd və əməkhaqqı sistemindəki uyğunsuzluqlardır. Bəzi rezidentlər yalnız tələbə təqaüdü ilə kifayətlənirlər ki, bu da real yaşayış xərclərini qarşılamır. Digərləri isə əmək müqaviləsi ilə az miqdarda maaş alır, lakin təhsil statusuna görə müəyyən sosial paketlərdən məhrum qalırlar. Bu qarışıqlıq motivasiyanı azaldır və gənc həkimləri əlavə işlər axtarmağa məcbur edir.
Əmək müqaviləsi və sosial təminat məsələsində də boşluqlar qalır. Əmək Məcəlləsi və Təhsil Qanunu arasında tam uyğunluq yaradılmadığından rezidentlərin iş stajı, pensiya hesablamaları və sosial müdafiəsi ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bu isə uzunmüddətli perspektivdə ixtisaslı kadrların ölkədən axınına səbəb ola bilər.
Bu problemlərin həlli üçün Elm və Təhsil Komitəsi, Səhiyyə Komitəsi və Əmək və Sosial Müdafiə Komitəsinin birgə işçi qrupu yaradılmasını təklif edirəm. Bu qrup rezidentlərin ikiqat statusunu – həm magistratura səviyyəli tələbə, həm də səhiyyə işçisi kimi hüquq və öhdəliklərini – aydın şəkildə müəyyən edən normativ baza hazırlamalıdır.
Təqaüd və əməkhaqqı sistemini harmoniyaya gətirərək qarışıqlığı aradan qaldırmalı və mərhələli maaş artımı ilə yanaşı, bölgələrdə çalışan rezidentlər üçün əlavə stimullaşdırıcı mexanizmlər hazırlamalıdır. İcbari Tibbi Sığorta Agentliyi və Maliyyə Nazirliyi ilə birlikdə maliyyələşdirmə imkanlarını araşdırmalıdır.
Rezident həkimlərin sosial təminatı və hüquqi statusunun dəqiqləşdirilməsi ölkəmizin səhiyyə islahatlarının uğurlu davamı, gənc kadrların ölkədə saxlanması və vətəndaşlarımızın keyfiyyətli tibbi xidmət alması üçün həyati əhəmiyyət daşıyır. Səhiyyə Komitəsi olaraq bu təşəbbüsü gündəlikdə saxlayaraq digər aidiyyəti komitələrlə birgə konkret tədbirlər planı hazırlamağımız vacibdir.”
Nərmin Əliyeva, Cənub Press