“DilBil İngilis dilini dil daşıyıcısından öyrənirik” layihəsinin açılış mərasimi olub

Neftçala rayonunda “DilBil İngilis dilini dil daşıyıcısından öyrənirik” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Neftçala şəhər M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyasında baş tutub.
Açılış mərasimində layihə rəhbəri, Neftçala rayonu üzrə təhsil sektorunun əməkdaşı, məktəb direktorları, işçi qrupu və müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin məqsədi regionlarda yaşayan məktəblilərin və müəllimlərin ingilis dili biliklərini inkişaf etdirmək, onlara xarici müəllimlərin köməyi ilə yeni dil bacarıqlarını müasir üsullardan istifadə edərək öyrətmək, həmçinin regionlarda fəaliyyət göstərən müəllimlərə yeni metodlar haqqında məlumat verməkdir.
Bildirilib ki, layihə çərçivəsində xaricdən gələcək müəllimlə danışıqlar aparılacaq, AIESEC in Azerbaijan ilə əməkdaşlıq qurulacaq, məktəbdə ingilis dili klubu fəaliyyətə başlayacaqdır.
Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.