Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi Seyranə Dosduzadənin rəhbəri olduğu “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi çərçivəsində təlimlər uğurla davam edir.
26.01.2026 tarixində Lənkəran rayon Separadi kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan 5-ci təlimi giriş sözü ilə layihənin rəhbəri Seyranə Dosduzadə açaraq “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, layihə çərçivəsində 2 mikrofonlu çoxfunksiyalı səsgücləndirici avadanlıq təmin olunmuşdur, artıq istifadə olunur. Həmçinin layihədə nəzərdə tutulan 20 ədəd milli rəqs geyimlərinin də sifarişi uğurla təqdim olunub və növbəti ay ərzində həmin geyimlər artıq məktəbimizə təqdim olunacaqdır. Məktəblilər üçün yaradılan əlverişli şəraitə görə Elm və Təhsil Nazirliyinə bir daha təşəkkürünü ifadə edib. Sonra təlimə start verilib.
Layihənin təlimçisi Anaxanım Bağırzadə təlim zamanı əvvəlcə Azərbaycanın qədim xalq rəqslərindən olan “Uzun dərə”, xalq musiqisi nümunəsi olan “Şuşanın dağları” mahnısı və “Ağ çiçəyim” musiqiləri üzərində əvvəlki təlimlərdə öyrədilən rəqsləri yenidən yoxlayıb. Rəqs elementlərindəki müşahidə olunan incə nöqsanların aradan qaldırılması üçün praktik nümunələr təqdim edib. Təlim gününün yeni rəqs nümunəsi kimi isə tanınmış Azərbaycan filmi olan “Arşın mal alan” filmində xanımların xoru və rəqsinin elementləri üzərində ilkin məşqlər təşkil olunub. Ümumilikdə bütün şagirdlərlə fərdi və qrup halında rəqslərin elementləri icra olunub. Təlim iştirakçı məktəblilərin böyük marağı və həvəsi ilə müşayiət olunub.
Qeyd edək ki, “Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi layihəsi 01.10.2025-01.04.2026-cı il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi məktəbliləri Azərbaycan milli rəqslərini ifa etməyə cəlb edərək onların həm milli-mənəvi dəyərlərimizlə yaxından tanış etmək, həm də onları fiziki fəallığa davamlı cəlb etmək üçün dayanıqlı imkanlar yaratmaqdan ibarətdir. Layihə 30 nəfər məktəblini əhatə edir.
“Rəqs sağlamlıqdır” məktəblilərin milli rəqs müsabiqəsi
layihəsinin mətbuat xidməti

