
Masallı Olimpiya Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə SSRİ idman ustası Xıdır Hüseynovun əziz xatirəsinə ehtiram əlaməti olaraq sərbəst güləş idman növü üzrə U 15 yeniyetmələr arasında Masallı rayon açıq xatirə turniri keçirilib.
Cənub Press xəbər verir ki, turnirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də SSRİ idman ustası Xıdır Hüseynovun əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.
Turnirin rəsmi açılışında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun müdiri Sabiq Cahangirov, Masallı UGİM-in direktoru Anar İstamov, Masallı UGİŞM-in direktoru Əlifağa Yaqubov, əməkdar məşqçi Qurbanəli İsayev, məşqçi-müəllimlər və idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər idmana göstərilən dövlət qayğısından danışıb, güləş idman növünün inkişafından söz açıblar.
Turnirdə Masallı, Lənkəran, Astara, Cəlilabad və Biləsuvar rayon komandaları olmaqla, 10 çəki dərəcələrində 60 nəfər idmançı iştirak edib.
Turnirin yekun nəticəsinə əsasən, Cəlilabad rayon komandası birinci yerə, Lənkəran şəhər komandası ikinci yerə, Masallı rayon komandası üçüncü yerə layiq görülüb.
Turnirin qalibləri Təşkilat komitəsi tərəfindən kubok, diplom və medallarla təltif edilib.
Nərmin Əliyeva, Cənub Press