2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 52,7 faiz azalaraq 28363,1 min manat təşkil etmişdir. Bu əsasən elektrik enerjisi istehsalının azalması ilə əlaqədardır.
Cənub Press xəbər verir ki, sənaye məhsulunun 40,5 faizi emal, 56,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 40,5 faiz olmuşdur. Ümumi istehsalın 67,3 faizi sənaye məhsullarının istehsalı, 32,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2026-cı il vəziyyətinə 2052,2 min manatlıq hazır məhsul olmuşdur.
Emal sənayesində ev təsərrüfatlarında sənaye məhsulu istehsalının, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsi də nəzərə alınmaqla 11497,4 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmiş və keçən ilə nisbətən 7,6 faiz azalma olmuşdur.
Bu dövrdə natura ifadəsində 43,39 ton çay, 39,60 ton balıq məhsulları, 2,82 min dkl meyvə şirələri, 1718,02 ton meyvə-tərəvəz konservləri, 35,65 ton qaymaq, xama, 127,20 ton kərə yağı, 217,20 ton pendir və kəsmik, 241,47 ton unlu qənnadı məmulatları, 1,20 min dkl spirt, 1,20 min dkl üzüm şərabı, 0,31 min kub m. tikinti kərpici, 8,52 ton emal edilmiş mərmər istehsal olunmuşdur.
