
Lənkəran xanlarının sonuncusu olan Mir Əhməd xan Talışinskinin Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsində qalibi olaraq, “Qafqaz gözəli” seçilən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə tikdirdiyi saray dünya arxitekturasının nadir incilərindən biridir. Lənkərana gələn qonaqların və turistlərin ziyarət məkanına çevrilən Xan sarayı şəhərin mərkəzində yerləşir.
Cənub Press xəbər verir ki, adı naməlum olan fransalı memarın layihəsi əsasında inşa edilən bu tarixi abidənin tikintisində milli memarlıq elementlərindən mükəmməl şəkildə istifadə olunub. Sarayın fasadları əlvan naxışlarla zəngindir. Binanın tikintisində qoyun yunu və yumurta sarısından istifadə edilib.
Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası olub. Binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib, Şərq və Cənub fasadları isə yalnız kərpicdən hörülüb.
Evin giriş hissəsi şimal fasadında yerləşir və ağ daşdandır. Şimal-Qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker (bucaq qurmaq üçün vasitə) tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb.
Xan evinin tikintisində həm Qərb, həm də Şərq memarlıq elementlərindən məharətlə istifadə edilib. Bu isə binaya xüsusi orijinallıq və gözəllik verir.
Binanın birinci mərtəbəsində Mir Əhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, üçüncü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.
Mirəhməd xanın evi Lənkəranda həm də ilk elektrik enerjisi olan tikilidir. 1908-1910-cu illərdə binanın inşası davam etdirilərkən burada daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsi ilə hətta ətrafdakı yaşayış evləri də enerjidən istifadə edə bilirdi.
Mir Əhməd xanın və Tuğra xanımın övladı olmayıb. 1916-cı ildə Mir Əhməd xan Fransaya səfərlərinin birində vəfat edir. Lakin Lənkəranda dəfn edilir.
Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyinin direktor əvəzi İlham Quliyev bildirib ki, Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilib və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılır və təqib edilir. Bakıya köçən Tuğra xanım çətin günlər yaşayıb. Hətta dolanışıq üçün xadimə kimi işləyib, bir daha Lənkərana qayıda bilməyib.
SSRİ dövründə Xan sarayında şəhər soveti yerləşdirilir. Tuğra xanımın cehizi olan 7 daş Venesiya güzgülərindən 6-sı yoxa çıxır. Müstəqillik illərində onlardan üçü Xan evinə qaytarılır.
Xan sarayı hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir.
Muzeyin ekspozisiyası altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr, müasir dövr. Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Müzeydə 10 min eksponat sərgilənir.
Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti və numizmatikanı əks etdirən nümunələr, Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar toplanıb. Muzeyin ən qədim eksponatı Neolit dövrünə aid əşyalardır. Burada qədim dövrlərdə soyuducu kimi istifadə olunan küplər, e.ə.II minilliyə aid qum-quma,əl dəyirmanı,ding,qədim çantalar,Talış mədəniyyətinə aid müxtəlif məişət əşyaları var.
Qeyd edək ki, Xan sarayı sonuncu dəfə 2015-ci ildə əsaslı şəkildə və yeni quruluşda təmir olunub. İnventar nömrəsi 4793 olan bina Yerli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.