
28-29 Aprel 2025-ci il Bakı şəhərində keçirilmiş “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi Konfransı”
Bu mötəbər beynəlxalq tədbir, Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və qarşılıqlı əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Konfrans çərçivəsində müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin iştirakı ilə fikir mübadiləsi aparılmış, ortaq çağırışlara cavab vermək üçün strateji istiqamətlər müəyyənləşdirilmişdir.
Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konfrans iştirakçılarına ünvanladığı məktub xüsusilə qeyd olunmalıdır. Cənab Prezidentin vətəndaş cəmiyyətinin inkişafına, beynəlxalq həmrəyliyə və Qlobal Cənub ölkələri arasında əməkdaşlığa verdiyi yüksək dəyər və dəstək, bu proseslərin davamlılığı və dərinləşməsi üçün mühüm motivasiya mənbəyidir.
Konfransın nəticəsi olaraq Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsü böyük rəğbətlə qarşılanmışdır. Əminik ki, bu platforma region ölkələrinin vətəndaş cəmiyyəti təşkilatları arasında qarşılıqlı əlaqələrin institusional əsasda təşkili, resursların səmərəli istifadəsi və qlobal çağırışlara birgə cavabların verilməsi üçün effektiv vasitə olacaqdır.
Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyi olaraq, biz Platformanın məqsədlərinə çatmaqda öz töhfəmizi verməyə tam hazırıq. Əminik ki, qarşıdakı dövrdə bu əməkdaşlıq nəticə yönümlü təşəbbüslərlə daha da dərinləşəcəkdir.
Hörmətlə,
Rafət Şirəliyev
Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin sədri