“Təbiətin dostları” layihəsi yekunlaşıb

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “Təbiətin dostları” layihəsinin icrası yekunlaşıb.

Biləsuvar rayon R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində icra edilən layihənin bağlanış mərasimində layihə rəhbəri, müəllimlər və şagirdlər iştirak edib.

Qeyd olunub ki, layihənin məqsədi məktəbimizdə yaşıl dünyanın təşviqi ilə bağlı tədbirlərin təşkili ilə məktəblilərin ətraf mühitə qayğıkeş münasibətinin formalaşdırılmasına və məktəb ərazisində yaşıllıq zolağının çoxaldılmasına dəstək olmaq olub.

Bildirilib ki, ilk mərhələdə layihənin təqdimatı və təbliğatı aparılıb. Sonra məktəbdəki ərazi hazırlanıb, Eko Məktəbli Klubu yaradılıb və 24 məktəbli üçün 6 gün təlim keçirilib. Təlimlər ağacların əkilməsi, ekoloji layihə idarəetməsi və digər mövzuları əhatə edib. Layihənin yekununda məktəblilərlə 6 günlük ekoloji düşərgə təşkil olunub.

Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin uğurla yekunlaşdığını bildiriblər.

Xatırladaq ki, layihə Bəydili kənd R.Mikayılov adına tam orta məktəbində Asiman Əliyev tərəfindən icra edilib.