Uşaqların erkən yaşda peşələrə maraq göstərməsi və milli dəyərlərə bağlı böyüməsi məqsədilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən hazırlanan “Sehirli Peşəm” animasiya filminin ilk seriyası təqdim edilib.
Cənub Press xəbər verir ki, filmin rejissoru İntiqam Hacılı, prodüseri Afər Kərimov, animatoru Ayaz Xalıqlı, texniki dəstək üzrə Aytəkin Xalıqlı, rəssamı Nərgiz Baxşızadə, ssenari müəllifi Şəfayət Şəfinin əməyi nəticəsində ərsəyə gələn bu film cənub bölgəsində hazırlanan ilk peşəkar animasiya filmi olaraq diqqət çəkir.
Filmin yaradı heyyəti bildirir ki, animasiya hazırlamaq adətən maliyyə baxımından bahalı bir proses olsa da, “Sehirli Peşəm” minimal büdcə ilə ərsəyə gətirilib. Filmin məqsədi təkcə uşaqlara əyləncə təqdim etmək deyil, həm də onların müxtəlif peşələrə marağını artırmaq, gələcəkdə öz arzu və qabiliyyətlərini müəyyənləşdirmələrinə kömək etməkdir.
Yaradıcı komanda layihənin formalaşma prosesini və çətinliklərin öhdəsindən gəlmə yollarını bölüşərək, gələcəkdə daha çox bu cür təşəbbüslərin həyata keçirilməsini ümid edir.
“Sehirli Peşəm” animasiya filmi yeni seriyaları ilə daha çox izləyicinin marağını qazanmağı hədəfləyir.